Arxiv
“Onkologiya terminləri lüğəti” çap olunacaq
17.12.2018

     AMEA Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixində keçirilən iclasında “Onkologiya terminləri lüğəti”nin nəşr olunması məsələsi müzakirə olunub.

     Bu barədə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, tibb elminin digər sahələri kimi onkologiyanın da sürətli inkişafı bu sahədə yeni terminlərin  yaranmasına səbəb olur. Lakin bu günə qədər Azərbaycan dilində onkoloji terminlər lüğəti nəşr edilməmişdir.

     Akademik Ə.Əmiraslanov Şirvan Abdullayevlə birgə həmmüəllifi olduğu “Onkologiya terminləri lüğəti” haqqında məlumat verərək bu kitabın Azərbaycan dilində tərtib edilmiş və onkologiyanın əksər sahələrini əhatə edən ilk irihəcmli terminoloji lüğət olduğunu diqqətə çatdırıb.

     “Bu kitab çoxdilli tərcümə lüğəti olmaqla (rusca-azərbaycanca, rusca-ingiliscə-azərbaycanca və rusca-fransızca-azərbaycanca) yanaşı, qismən də izahlı lüğətdir”,– deyən alim burada həm nəzəri və klinik onkoloji terminlər, həm də onkoloji xidmətin təşkilinə dair sözlər, şifahi nitq vərdişlərini inkişaf etdirmək üçün rusca-ingiliscə-azərbaycanca, rusca-fransızca-azərbaycanca onkologiyaya dair monoloji nitq modellərinin verildiyini vurğulayıb. O, kitabın onkoloq həkimlər, elmi işçilər və tələbələr üçün nəzərdə tutulduğunu qeyd edib.

     Sonda AMEA Rəyasət Heyəti “Onkologiya terminləri lüğəti”nin nəşrini məqsədəuyğun hesab edərək, bir sıra qərarlar qəbul edib.

http://science.gov.az/news/open/9365