Arxiv
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmələr üzrə illik hesabatları müzakirə olunub
19.12.2018

     Geologiya və Geofizika İnstitutunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmələr üzrə hesabatlarının müzakirəsinə həsr olunan iclas keçirilib.
     Tədbirdə Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb, həmçinin Yer elmləri bölmələrinin hesabatları dinlənilib.
     İclasda Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək təqdim olunacaq hesabatlarda elmi fəaliyyətin daha geniş qabardırılmasının, həmçinin şuranın növbəti ilin əvvəlində baş tutacaq beş illik heabatına hazırlıqla əlaqədar nəzərdə tutulan məsələlərin xüsusi diqqətə alınmasının zəruriliyini vurğulayıb.
     Öncə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova Biologiya və Tibb Elmləri Bölməsinin hesabatını yerli şuraların sədrlərinin, müavinlərinin və elmi katiblərinin iştirak etdiyi geniş iclasda təqdim edib.
     Daha sonra İnformasiya Texnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Adıgözəlova və Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəqsanə Əsgərova müvafiq olaraq Fizika-Riyaziyyat və Texnika, həmçinin Yer elmləri bölmələrinin elmi-ictimai faəliyyətləri haqqında məlumat veriblər.
     Hesabatlarda AMEA-nın elmi müəssisələrində çalışan gənclərin təşkilatlar üzrə kəmiyyətcə statistik göstəriciləri, beynəlxalq və yerli elmi tədbirlərdə gənclərin fəallığı, elmi əsərlər, o cümlədən “Web of Sceince” və “Scopus” bazalarında referatlaşan jurnallarda nəşr olunan məqalələrə görə ötən illərlə müqayisədə cari ilin nailiyyətləri müzakirə edilib. Bundan başqa, hesabat ilində yerli şuralar tərəfindən təşkil olunan konfrans və seminarlar, elmi maarifləndirmə istiqamətində həyata keçirilən layihələr, eləcə də sosial-ictimai və idman tədbirləri barədə məlumatlar diqqətə çatdırılıb.
     Ümumi müzakirələrdən sonra bölmələr üzrə hesabatlar qiymətləndirilib, bəzi müəssisələrdə fəaliyyət göstrən şuralarının fəaliyyətində aktivliyin artırılması tövsiyə edilib.