Arxiv
Akademik Valeriy Ulyanişevin 120 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib  
25.12.2018

 

     Dekabrın 25-də AMEA-nın Əsas binasında tanınmış bioloq, akademik Valeriy Ulyanişevin 120 illik yubileyinə həsr olunan elmi simpozium keçirilib.

     Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin Azərbaycan mikologiya elminə və onun inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Valeriy Ulyanişev yeni elmi istiqamətlər və ideyalarla Azərbaycan mikologiya elm sahəsini zənginləşdirib, gənc kadrların hazırlanması istiqamətində əvəzsiz xidmətlər göstərib. Alim tərəfindən Qafqaz və Azərbaycan üçün elmə məlum olmayan 100-dən artıq yeni göbələk növü aşkar edilib.

     Akademik Valeriy Ulyanişevlə bağlı xatirələrini bölüşən AMEA rəhbəri onun Azərbaycanda kənd təsərrüfatı üçün mühüm sayılan bir sıra problemlərin tədqiqi, o cümlədən pambıqda vilt, hommoz xəstəliklərinə, taxıllarda və meyvədə parazitlik edən göbələklərə qarşı mübarizə üsullarının işlənib hazırlanması ilə məşğul olduğunu diqqətə çatdırıb.

     Sonra Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək Azərbaycan mikologiya elminin tədqiqi sahəsində özünəməxsus yer tutmuş Valeriy Ulyanişevin mənalı ömür yolundan söz açıb. O, həyatını elmə həsr etmiş görkəmli alimin əsasən mikologiya və fitopatologiya sahəsində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın mədəni və yabanı bitkilərinin növ müxtəlifliyini öyrənməyə böyük əmək sərf etmiş V.Ulyanişev apardığı tədqiqiqatlara görə 1964-cü ildə elm üzrə Lenin mükafatına, 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adı layiq görül­üb­, həmçinin “Qır­mızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilib.

     Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin “Akademik V.Ulyanişevin həyatı, elmi və elmi-təşkilati fəaliyyəti haqqında” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Azərbaycan elm tarixinin ən dəyərli səhifələrindən birinin tanınmış alim V.Ulyanişevin adı ilə bağlı olduğunu bildirib.

     Diqqətə çatdırılıb ki, görkəmli alim Azərbaycanda göbələk növlərinin yayılması ilə yanaşı, onların ekologiyasına və mikofloranın coğrafi analizinə xüsusi diqqət ayırmışdır. Onun tərəfindən respublikada ilk dəfə olaraq parazit göbələklər öyrənilmiş və bitki xəstəlikləri ilə mübarizə tədbirləri işlənib hazırlanmışdır.

     Qeyd olunub ki, 1927-ci ildə mədəni bitkilərin xəstəlik törə­dicilərini öyrənmək üçün Azərbaycana dəvət almış V.Ulyanişev həmin ildə Zaqafqaziya Xalq Komissarlığının Bitkilərin mühafizəsi şö­bə­sində Fitopatologiya laboratoriyasını yaratmış və ona rəhbərlik etmişdir. 1937-ci ildə isə Botanika İnstitutunda fəaliyyətə başlayan alim bu müəssisədə İbtidai bitki­lərin sistematikası şöbəsini yaradaraq, uzun müddət – 1992-ci ilədək həmin şöbəyə rəh­bərlik etmişdir. O, taxıl bitkilərində sürmə göbə­ləkləri ilə xüsusi işlər aparmış, bərk və yumşaq buğdanı, çovdarı yoluxduran bir parazit göbələk növünün üç bioloji formasını ayırd etmiş və həmin göbələklə mübarizə tədbirlərini hazırlamışdır.

     “Valeriy Ulyanişev Azərbaycanda mikologiya elminin inki­şafı və mikoloji herba­ri­nin yaradılması isti­qamətində əhəmiyyətli işlər gör­müşdür” - deyə bildirən V.Əlizadə onun yaratdığı şöbənin respublikada göbələklər, yosunlar və şibyələr üzrə nəzəri-tətbiqi tədqiqatları istiqamət­ləndirdiyini bildirib. Qeyd edib ki, V.Ulyanişev 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına böyük əmək sərf etmiş, 20-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlamışdır.

     V.Əlizadə əlavə edib ki, akademik V.Ulyanişev 1963-1972-ci illlərdə bitki mühafizəsi üzrə elmi-tədqiqat işlərinin koordinasiyası üzrə Zaqafqaziya şurasının sədri, 1964-ci ildən isə analoji Ümumittifaq şurasının üzvü olmuşdur. O, 1964-1974-cü illlərdə Ümumittifaq Botanika Cəmiyyətinin Azərbaycan bölməsinin sədr müavini kimi çalışmışdır. Alim “Azərbaycanın mikoflorası”nı 3 cild, 4 kitab olaraq hazırlayıb nəşr etdirmişdir.

     Tədbirdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Mikologiya və alqologiya kafedrasının müdiri, professor Aleksandr Kurakov, Ukrayna Milli Elmlər Akademiyası, M.G.Xolodnı adına Botanika İnstitutunun mikoloji kolleksiyasının kuratoru, Ukraynanın Dövlət mükafatı laureatı b.e.d., professor Nina Bisko, biologiya elmləri doktoru Arif Bayramov və AMEA Botanika İnstitutu, Mikologiya laboratoriyasının müdiri,  AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayeva çıxış edərək görkəmli alimin xatirəsinin daima Azərbaycan xalqının ürəyində yaşayacağını, onun bioloji müxtəlifliyin mühafizəsi və davamlı inkişafa dair apardığı tədqiqatların ölkəmizdə strateji əhəmiyyətli işlərin həyata keçirilməsinə xidmət edəcəyini bildiriblər.

     Sonda akademik V.Ulyanişevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

     Konfrans AMEA Botanika İnstitutunda davam etdirilib. İnstitutun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayevanın “Azərbaycanda mikoloji tədqiqatların tarixi və inkişafı”, professor Aleksandr Kurakovun “XXI əsrin başlanğıcında mikologiyanın müasir problemləri və nailiyyətləri”,  professor Nina Biskonun “ Ukrayna göbələklərinin tədqiqində inteqrativ yanaşmalar” mövzusunda maraqlı təqdimatlarları dinlənilib və mövzular ətrafında geniş müzakirə aparılıb.

     Gənc alimlərin təqdim etdiyi poster məruzələr ekspertlər tərəfindən dəyərləndirilib, ən yaxşı posterlərlərin tərtibçilərinə sertifikat və pul mükafatı  təqdim edilib.  I yerə doktorant Elgün Mustafazadə, II yerə doktorant Nigar Mürsəlqızı və Aydan Zeynalova, III yerə doktorant Murad Şahverdiyev, Şadər Əlizadə və magistr Əsmayə Zeynallı layiq görülüb. Magistr Nərmin Əminliyə isə həvəsləndirici mükafat verilib. Butun qaliblərə sertifikat və pul mukafatı təqdim olunub.