Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun “Azərbaycan dendroflorası” kitabının IV cildi dərc edilib.
Nəşrdə yerli və xarici floraya mənsub 3 fəsilə, 1 yarım fəsilə, 29 cinsə aid 305 növ ağac-kol bitkisinin yayılma arealları, ekologiyası və istifadəsi haqqında məlumat verilib.
Bu cilddə Azərbaycanın dendroflorasında təbii və mədəni şəraitdə yayılmış Qaymaqçiçəyikimilər (Ranunculaceae Juss), Murdarçakimilər (Rhamnaceae Juss) və Gülçiçəyikimilər (Rosaceae Juss) fəsiləsinə aid cins və növlərin APG III-IV sisteminə əsasən taksonomiyası, təyinedici açarları, botaniki təsviri, ümumi yayılma arealları, ekoloji mühit amillərinə münasibəti və tətbiq sahələri göstərilib.
Vəsait Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş ekspedisiyalar zamanı çəkilmiş fotolar, toplanmış herbari materialları əsasında hazırlanıb.
Kitab bioloqlar, botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.