Arxiv
Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib
12.02.2019

     Fevralın 11-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.

     Əvvəlcə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

     Tədbirdə növbəti dövr üçün BTEB-in prioritet elmi istiqamətləri müzakirə edilib. Akademik Ə.Əmiraslanov bu məsələ ilə bağlı çıxışında qeyd edib ki, bölmənin elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülüb və bu işlər daha da intensivləşdirilməlidir.

     Daha sonra BTEB-in elmi müəssisələrində 2019-cu il üzrə elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, həmçinin fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya qəbulun nəticələri haqqında məlumat verilib. Bildirilib ki, elmlər doktoru hazırlığı üzrə doktoranturaya 5, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 15, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya isə 30 nəfər qəbul edilib.

     İclasda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturunda, Mikrobiologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, Lənkəran Regional Elmi Mərkəzində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub.

     Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Tofiq Qaragözovun 70 illik, Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru, AMEA-nın professoru Elşad Əhmədovun 50 illik yubileylərinin qeyd olunması qərara alınıb.

     İclasda bölməyə daxil olan bir neçə elmi müəssisənin kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.