Arxiv
Ölkəmizdə ilk dəfə Dendrologiya İnstitutunda ekzotik bitkilər yetişdirilib
19.02.2019

      AMEA Dendrologiya İnstitutunun alimlərinin apardığı tədqiqatlar nəticəsində Abşeron şəraitində banan, avokado, manqo və Havana papayasının yetişdirilməsinin mümkünlüyü müəyyən edilib. Tədqiqatlar institutun ərazisində - qapalı şəraitdə aparılıb.

      Tədqiqatlar zamanı alçaqboylu banan, Havana papayası, Hindistan manqosu, Amerika avokadosu növləri Abşeron şəraitində çoxaldılıb. Eyni zamanda, onların bioekoloji xüsusiyyətləri öyrənilib və məlum olub ki, həmin bitkilərdən qışda şaxtadan mühafizə edilməklə Abşeronda park və bağların yaşıllaşdırılmasında istifadə etmək mümkündür. Tədqiqat dövründə yetişdirilmiş banan meyvə verib, Havana papayası, Hindistan manqosu, Amerika avokadosu isə hazırda çiçəklənmə mərhələsindədir. Bu isə o deməkdir ki, həmin bitkilər də məhsul verəcək.

      Banan hazırda Azərbaycanın cənub bölgəsində becərilir. Havana papayası, Hindistan manqosu və Amerika avokadosu isə ölkədə ilk dəfə Dendrologiya İnstitutu tərəfindən yetişdirilib.