“Azərkosmos” ASC ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya və Riyaziyyat və Mexanika institutları arasında əməkdaşlığa başlanılması planlaşdırılır.
Zoologiya İnstitutundan bildirilib ki, “Azərkosmos” ASC və AMEA-nın institutları arasında “Neft-qaz boru kəmərlərinin Azərbaycan hissəsinin ətraf ərazilərinin bioloji müxtəlifliyinə təsirinin monitorinqinin aparılması”, “İqlim dəyişmələrinin Azərbaycanın buzlaqlarına və subnival qurşağın bioloji müxtəlifliyinə təsirinin modelləşdirilməsi”, “Meşə yanğınlarının modelləşdirilməsi”, “Palçıq vulkanları püskürmələrinin bioloji müxtəlifliyə, insanların həyat fəaliyyətinə təsirinin modelləşdirilməsi” üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin “Xəzər dənizi adalarının ekosistemlərinin monitorinqi”, “Şahdağ Milli Parkı ərazisinin bioloji müxtəlifliyinin GİS xəritələşdirilməsi, risklərin modelləşdirilməsi”, “Kənd təsərrüfatı bitkilərinin təbii tozlandırıcılarının ekoloji əlaqələrinin məhsuldarlığa təsirinin modelləşdirilməsi” istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Növbəti görüşdə fəaliyyət planının daha da dəqiqləşdirilməsi və AMEA rəhbərliyinə konkret təkliflər verilməsi qərara alınıb.