AMEA Botanika İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq ulu öndərin zəngin siyasi irsindən, həyata keçirdiyi islahatlardan və ölkəmizin müstəqilliyinin möhkəmlənməsi sahəsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi etmişdir. Həmçinin, vurğulayıb ki, Heydər Əliyev məqsədyönlü siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmuşdur. Ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Bu siyasət ölkəmizin iqtisadi və siyasi tərəfdən sürətlə inkişaf etməsinə istiqamətləndirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov ümummilli liderin uzaqgörən siyasətinin nəticələrindən və eləcə də onun Azərbaycan elminə, elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışıb. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan E.Novruzov, onun həmin görüşdə söylədiyi sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.
Tədbirdə AMEA-nın professoru Dilzara Ağayeva, b.ü.f.d., İnstitutun YAP-nın sədri, ümumi işlər üzrə direktor müavini İmran Babayev görkəmli dövlət xadiminin 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar.
Sonda Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olunub.