Arxiv
AMEA-da magistrantların Bilik Günü qeyd edilib
16.09.2019

Sentyabrın 16-da AMEA-nın Rəyasət Heyətində Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. 2015-ci ildə dövlət başçısı İlham Əliyevin birbaşa dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının çox müqəddəs və məsuliyyətli bir uğura imza atdığını bildirən akademik AMEA-nın magistraturasına ilk qəbulun həyata keçirildiyini və bunun elmi ictimaiyyət tərəfindən uğurla qarşılandığını deyib.

Qeyd edib ki, Prezident İlham Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqi akademiyaya magistratura pilləsinin yaradılması üçün həm stimul, həm də hüquqi dəstək verib. Akademik əlavə edib ki, bu da öz növbəsində Milli Strategiyada Azərbaycanda elmi məktəblərin qorunması və elmin varisliyinin təmin edilməsi ilə yanaşı, ölkədə elmi tədqiqatların mərkəzi olan AMEA-nın yüksəkixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyətinin yeni əsaslarla qurulmasını ön plana çəkir.

AMEA rəhbəri akademiyada magistraturanın yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə hədəfləndiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA-nın magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz elmi-tədqiqat bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirirlər”.

AMEA prezidenti akademiyada elm və təhsilin inteqrasiyasına da çox ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb: “Bu məsələ AMEA-nın əsas prioritetlərindən biridir. Çünki günümüzün dinamik qlobal iqtisadiyyatı bilgi və bilgilərin dəyişiminə və inkişafına əsaslanır. Bu isə o vaxt uğurlu olur ki, təhsilalanın iştirakçısı olduğu cəmiyyət bir neçə elmi biliklərə yiyələnir və multidissiplinar keçidə hazır olur. Yaradıcı, uyğunlaşabilən, tənqidçi, işbirliyi bacaran kadr hazırlamaq üçün elmlə inteqrasiya olunmuş təhsil bilikləri auditoriyada və praktikada öyrətmənin ən effektiv yoludur və təhsilalanlara çoxtərəfli tədqiqat aparmaq imkanı yaradır”.

AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyətinin təhsillərini doktorantura və dissertantura pilləsində davam etdirməyə nail olduqlarını söyləyən akademik A.Əlizadə ilk iki buraxılışın 74 məzunundan 48-nin öz yüksək təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirdiyini, 5 nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olduqlarını, bu ilin məzunlarından 1 nəfərin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasasına tam təqaüdlə qəbul edildiyini bildirib.

Çıxışının sonunda akademik Akif Əlizadə tədrisə cəlb olunmuş elmi rəhbərlərə və müəllimlərə müraciət edərək akademiyaya layiqli kadrların yetişdirilməsi üçün əllərindən gələni əsirgəməməyi tövsiyyə edib.

Sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov akademiyada 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbulun nəticələrini nəzərə çatdırıb: “AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur. İlk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına bu ildən start verdi. AMEA-nın magistraturasına bu il 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 tələbə qəbul olunub”. Ə.Sadıqov AMEA-nın qəbul planı hazırlanarkən ölkənin əsas prioritet inkişaf istiqamətlərinin nəzərə alındığını, əmək bazarında, həmçinin elmi-tədqiqat işlərində ən çox ehtiyac duyulan ixtisaslaşmalara önəm verildiyini diqqətə çatdırıb. Natiq ötən illər ərzində Akademiyada magistratura fəaliyyəti, AMEA-nın magistratura pilləsi üzrə təhsil siyasətində tətbiq edilən yeniliklər və əldə olunan nailiyyətlərdən danışıb.

Daha sonra ən yüksək bal toplamış AMEA Riyaziyyat və Mexanika İnstitutunun I kurs magistrantı Xalidə Əliyeva, habelə Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Xəyal Əsgərli, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Firuzə Rzayeva və Geologiya və Geofizika İnstitutunun məzunu Yusif Əliyev çıxış ediblər.

Tədbirdə AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub. Daha sonra AMEA-nın magistraturasında nümunəvi və məhsuldar pedaqoji fəaliyyətinə görə fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanov, kimya elmləri doktoru, professor Nizami Zeynalov, biologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev və Aynur Məhərrəmova AMEA prezidentinin mükafatı ilə təltif olunublar. Sonda Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər GülalovNeft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri - Almaz TağıyevaNizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərovİdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyevaİnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə MahmudovaNəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya döş nişanları təqdim edilib.

http://science.az/news/open/11054