Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medallarını AMEA-nın vitse-prezidentləri, akademiklər – İbrahim Quliyev, Tofiq Nağıyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev və İradə Hüseynovaya, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidiyə, AMEA-nın Fəxri fərmanlarını İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovaya, akademik Nizami Cəfərova və AMEA-nın müxbir üzvü Əli Nuriyevə təqdim edib. Bundan əlavə, AMEA-nın Xatirə nişanı və AMEA-nın professoru diplomları da təqdim olunub.
Sonra akademik Akif Əlizadə gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
İclas zamanı akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə Moskva şəhərində keçirilmiş işgüzar görüşün nəticələri barədə danışıb.
Daha sonra akademiyanın elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək hesabatların elmi şuralarda vaxtında müzakirə olunub təqdim edilməsini tövsiyə edib.
İclasda hesabatların, o cümlədən müəssisələr tərəfindən həyata keçirilmiş elmi, elmi-təşkilati və digər göstəricilər üzrə fəaliyyət barədə hesabatların AMEA-nın müvafiq elmi bölmələrinə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim edilməsi qərara alınıb. Bölmənin elmi müəssisələrində, eləcə də respublikanın digər elmi tədqiqat və ali təhsil müəssisələrində bölmənin profilinə uyğun aparılan fundamental tədqiqatların mühüm elmi nəticələri, elmi tədqiqat işlərinin gedişi, tamamlanmış mövzular, habelə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar bölməyə və onun tərkibinə daxil olan elmi müəssisələrə tapşırılmış elmi, elmi-texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi barədə hesabatın hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması ilə bağlı qərar qəbul olunub. Həmçinin tabeliyində elmi müəssisə və ali məktəblər olan nazirliklərin, eləcə də digər dövlət qurumlarının hesabatlarının AMEA-nın elmi bölmələri ilə birlikdə müzakirədən sonra AMEA Rəyasət Heyətinə təqdim edilməsi Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tapşırılıb.
AMEA-nın müxbir üzvü Ə.Sadıqov gündəlikdə yer alan elmi istiqamətlər üzrə elmi şuralar barədə məsələyə də toxunub. Akademik-katib AMEA Rəyasət Heyəti və Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının elmi istiqamətlər üzrə elmi şuraların yaradılması haqqında birgə qərarını xatırladıb. Elmi şuraların nümunəvi əsasnamə layihəsinin hazırlandığını və şuraların tərkibinin formalaşdırılaraq, təsdiq olunmaq üçün AMEA Rəyasət Heyətinə təqdim olunduğunu qeyd edib.
AMEA Rəyasət Heyətinin qərarı ilə elmi istiqamətlər üzrə elmi şuraların tərkibi və nümunəvi əsasnaməsi təsdiqlənib, elmi şuraların fəaliyyətini bu sənədə uyğun təşkil etmək şura sədrlərinə həvalə olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərman ilə təltif olunması, institutun elmi şurasında yubiley iclasının keçirilməsi və akademik Təyyar Cəfərovun fizika elminin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyilə əlaqədar elmi sessiyanın təşkili qərara alınıb. AMEA Rəyasət Heyəti hər iki alimin təltif edilməsi məqsədilə müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılması barədə qərar verib.
İclasda AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşının AMEA-nın Xatirə nişanları ilə təltif edilməsi, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının adının dəyişdirilərək “Həyat elmləri və biotəbabət” adlandırılması, AMEA-nın “Sosial elmlər” jurnalının Redaksiya heyətinin və akademik Məmmədağa Şirəliyevin 110 illik yubileyi ilə bağlı Tədbirlər planının təsdiqlənməsi barədə qərarlar qəbul olunub.
Rəyasət Heyətinin iclasında AMEA-nın elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə keçirilmiş seçkilərin nəticələri təsdiqlənib. Akademik Nazim Məmmədov Fizika İnstitutunun, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, akademik Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, biologiya elmləri doktoru Ulduz Həşimova Fiziologiya İnstitutunun və biologiya elmləri doktoru Vahid Fərzəliyev Mərkəzi Nəbatat Bağının, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, akademik Teymur Kərimli Əlyazmalar İnstitutunun, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin, akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsinə təsdiq olunublar.
Digər qərarla fizika üzrə fəlsəfə doktoru Yaşar Hüseynəliyev AMEA-nın “Kompozit” Elmi İstehsalat Birliyinin direktoru vəzifəsinə təyin edilib.