Arxiv
YAP Səbail rayon təşkilatında “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” qeyd olundu
08.11.2019

Bu gün, YAP Səbail rayon təşkilatının, “Nəbatat bağı” (AMEA-nın Mərkəzi Nəbatat Bağı) və “Botanik” (AMEA-nın Botanika İnstitutu) ərazi ilk partiya təşkilatlarının birgə təşkilatçılığı ilə “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, i.e.d., professor Şəmsəddin Hacıyev, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Mərkəzi Nəbatət Bağının direktoru, b.e.d., dosent Vahid Fərzəliyev, partiya fəalları, gənclər iştirak etdilər.

İlk öncə Dövlət Himni səsləndirildi, daha sonra Dövlət Bayraq Gününə həsr olunan videoçarx nümayiş olundu.

AMEA-nın Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə qonaqları salamlayaraq bayram münasibətilə hər kəsi təbrik etdi.

Müstəqil Azərbaycan dövlətçiliyinin rəmzi və xalqımızın istiqlal mübarizəsinin simvolu olan Azərbaycan bayrağına həsr olunan əlamətdar bayram günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, i.e.d., professor Şəmsəddin Hacıyev dövlət müstəqilliyinin dəyəri, müstəqil dövlətçilik atributlarının müqəddəsliyi, üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün qürur mənbəyi olması və gənc nəslin Vətənimizə, dövlətimizə, milli-mənəvi dəyərlərimizə və tariximizə sədaqət, yüksək vətənpərlik ruhunda yetişdirilməsinin zəruriliyi haqqında danışdı.

Siyasi müstəqilliyin vacib tərkib elementi olan iqtisadi müstəqilliyin təməl şərtləri haqqında məlumat verən deputat bildirdi ki, bu gün ölkəmizdə aparılan müstəqil, cəsarətli və düşünülmüş siyasət nəticəsində Azərbaycan xalqı öz taleyinin, milli sərvətlərinin sahibidir. Bu müstəqillik asan əldə olunmamış və xalqımız əsrlərlə milli istiqlalımız üçün əzmlə mübarizə aparmışdır. Təsadüfi deyildir ki, müsəlman Şərqində ilk demokratik respublika XX əsrin əvvəllərində məhz Azərbaycanda qurulmuş və 23 aylıq qısa ömrünə baxmayaraq müstəqil dövlətçiliyimizin zəruri əsasları formalaşdırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik rəmzi bu gün qürurla ucalarda dalğalanan üçrəngli Azərbaycan bayrağı olmuşdur. XX əsrin sonlarında Azərbaycanın müstəqilliyinin bərpa olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinə diqqət çəkən millət vəkili vurğuladı ki, Heydər Əliyev Naxçıvanın Ali Məclisinin sədri kimi 1990-cı ildə müstəqillik yolunda cəsarətli addımları atmışdır. Ş.Hacıyev bu addımlar sırasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adında “sovet sosialist” sözlərinin çıxarılmasını, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvanın bayrağı elan etməsini və müstəqil dövlət atributlarının təsdiqlənməsi üçün Azərbaycan SSR Ali Soveti qarşısında qaldırdığı vəsatətləri xüsusi qeyd edərək bildirdi ki, məhz bu qərarlar nəticəsində azadlıq və müstəqillik rəmzi olan üçrəngli Azərbaycan bayrağı 90-cı illərin əvvəllərində ölkəmizdəki ümumxalq dirçəliş və meydan hərəkatının təkanverici qüvvəsinə çevrildi.

Müstəqilliyimizin ilk illərində Azərbaycanda aparılan rüsvayçı və biabırçı siyasət nəticəsində yaranmış vəziyyət və müstəqilliyimizin itirilmə təhlükəsini tədbir iştirakçılarının nəzərinə çatdıran millət vəkili Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi və dəstəyi ilə hakimiyyətə gəldikdən sonra müstəqilliyimizin qorunub saxlanılmasında və müasir Azərbayan dövlətinin qurulmasındakı müstəsna rolu və misilsiz xidmətləri haqqında ətraflı məlumat verdi. Vurğulandı ki, müasir tariximizin itirilmiş imkanlar dövrü kimi qiymətləndirilən ilk iki ilini saymasaq son 26 ildə Azərbaycan sözün əsl mənasında inqilabi inkişaf yolu qət etmiş və Cənubi Qafqazın lider ölkəsinə, dünyanın sayılıb-seçilən, beynəlxalq aləmdə söz sahibi olan, xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürüdən dövlətə çevrilmişdir. Azərbaycanda cəmiyyət həyatının istisnasız bütün sahələri dinamik inkişaf edir və ölkəmiz bu inkişafı ilə dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Bugünlərdə Azərbaycanın ən mühüm maliyyə sənədi olan dövlət büdcəsinin və icmal büdcənin Milli Məclisin bir neçə komitəsinin birgə iclaslarında dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə müzakirə olunduğunu diqqətə çatdıran Ş.Hacıyev bildirdi ki, builki dövlət büdcəsində nəzərdə tutulmuş sosial xərclərin həcmi müstəqillik tariximizdə ilk dəfə olaraq bu qədər rekord göstərici ilə ifadə olunur. Dövlət büdcə xərclərinin təxmini 40%-i sosial məsələlərin həllinə yönləndiriləcəkdir, bu rəqəm isə onu ifadə edir ki, ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar davam edəcək, pensiyaların, müavinətlərin, əməkhaqlarının həcmi yüksələcək, neftdən asıllığımız azalacaq və qeyri-neft gəlirlərinin büdcənin formalaşmasındakı rolu ilbəil artacaq. Bir sözlə Azərbaycan iqtisadi cəhətdən qüdrətli ölkəyə çevriləcəkdir. Deputat vurğuladı ki, bu gün Azərbaycan vətəndaşları müstəqil və qüdrətli dövlətin vətəndaşları kimi öz ölkəsi ilə, Prezidenti ilə qürur duyur. Fərəhləndirici haldır ki, bu gün dünyanın 120-dən çox ölkəsi ilə diplomatik və ya ticari-iqtisadi əlaqələri olan Azərbaycanın dövlət bayrağı dünyanın dörd bir yanında qürurla dalğalanır. Hamımızın evində istiqlalımızın, müstəqil dövlətçiliyimizin rəmzi olan üçrəngli bayrağımız var, idmançılarımız, əsgərlərimiz şanlı bayrağımızla yeni qələbələrə doğru inamla addımlayırlar. Azərbaycan ordusu dünyanın ən inkişaf etmiş, müasir silahlarla silahlanmış 50 ordusu sırasındadır və Azərbaycan əsgəri Ali Baş Komandanımızın bir əmrini gözləyir ki, işğal altında olan torpaqlarımızı, Qarabağımızı düşmən tapdağından azad etsin. İstər təbii düşmənlərimiz, istərsə də onların xarici havadarları bu həqiqəti çox gözəl bilirlər. Bu səbəblə də, Azərbaycanın inkişafını, müstəqil siyasətini gözügötürməyən qüvvələr açıq şəkildə anti-Azərbaycan təbliğatı ilə məşğuldurlar və ölkədaxilindəki bir ovuc qaragüruhçu bilərək və ya bilməyərəkdən Azərbaycan xalqının düşmənlərinin bu siyasətinin maşasına çevriliblər. Lakin Azərbaycan xalqı ağı-qaradan seçən müdrik xalq olaraq kimin kim olduğu bilir və ölkəmizdə aparılan vahid siyasəti dəstəkləyərək ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Lideri cənab İlham Əliyevə etimad edir və Onun ətrafında sıx birləşiblər. Sonda hər kəsi “9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə bir daha təbrik edən Ş.Hacıyev arzu etdi ki, Azərbaycanın üçrəngli bayrağı tezliklə Şuşada, Xankəndində, işğaldan azad olunmuş digər torpaqlarımızda dalğalansın.

Çıxış edən Mərkəzi Nəbatat Bağının direktoru b.e.d., dosent Vahid Fərzəliyev və YAP Səbail rayon təşkilatının məsləhətçisi Fariz Quliyev bildirdilər ki, dövlət bayrağımız müqəddəs dövlət atributu olmaqla yanaşı xalqımızın dövlətimizin vahid siyasəti, müstəqil dövlətçilik ideologiyası ətrafındakı həmrəyliyinin rəmzidir. Ölkəmizin iqtisadi yüksəlişi, Azərbaycanda gedən proqressiv inkişaf, dövlətimizin beynəlxalq arenada əldə etdiyi uğurlar xalqımızda böyük ruh yüksəkliyi və Azərbaycanın firavan gələcəyinə dərin inam yaradır.

Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan Mərkəzi Nəbatat Bağının bir qrup əməkdaşına partiya üzvlük vəsiqələri təqdim olundu.