2020-ci ilin yanvar ayında tanınmış neftçi-alim və geoloq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, iki dəfə respublika Dövlət Mükafatı və Heydər Əliyev Mükafatı laureatı, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin 90 yaşı tamam olur.
Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərmiş, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmışdır. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilib istismara verilmişdir. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi vardır. Geoloq-alimin neft və qaz sənayesinin aktual problemlərinin həllinə dair araşdırmaları layiqincə qiymətləndirilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycanın neft-qaz sənayesinin inkişafına mühüm töhfələrini nəzərə alaraq, akademik Xoşbəxt Yusifzadənin anadan olmasının 90-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti