20 dekabr 2019-ci il tarixində AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə görkəmli botanik alim, Botanika İnstitutunun ilk direktoru, SSRİ Dövlət mükafatı laureatı, akademik Aleksandr Alfonsoviç Qrossheymin 130 illik yubileyinə həsr olunan "Müasir botanikada innovasiya və ənənələr" mövzusunda gənc alim və mütəxəssislər üçün elmi konfrans keçirildi.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq akademik A.A. Qrossheymin həyat və fəaliyyətindən, ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən danışıb. O, bildirib ki, alim uzun illər Qafqazın, o cümlədən, Azərbaycanın bitki ehtiyatları, bitkiçiliyi və florası üzrə geniş tədqiqat işləri aparmış, bitki sistematikası, faydalı bitki ehtiyatlarının öyrənilməsi problemlərinə xüsusi diqqət ayırmışdır. İ.Hüseynova söyləyib ki, akademik Respublikada Botanika İnstitutu və Botanika bağı kimi elmi tədqiqat mərkəzlərini yaratmışdır. Alimin indiyədək istifadə olunan fundamental əsərləri təsdiq edir ki, Azərbaycan florasının tədqiqi sahəsində qoyduğu miras sonrakı botaniklər nəslinin inkişafında böyük rol oynamışdır.
Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə A.A. Qrossheymin elmi-pedaqoji və təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib.
Məruzəçi qeyd etdib ki, təbii sərvətlərimizin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması, A.A. Qrossheymin irsinin və ideyalarının gənclər arasında təbliği, ətraf mühitin mühafizəsi sahəsində yüksək ixtisaslı kadrların formalaşdırılması və bu sahədə gənclərin cəmiyyətdə rolunun artırılması İnstitutun əsas fəaliyyət istiqamətidir.
AMEA Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov “Çiçəkli bitkilərin təsnifatı sistemləri: mərhələlər, hədəflər və mövcud meyllər” mövzusunda elmi məruzə ilə çıxış edib.
AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasnın müdiri, b.e.d. Dilzarə Ağayeva Azərbaycan Botaniklər Cəmiyyətinin illik fəaliyyəti, internet səhifəsinin yaradılması və planlaşdırılan işlər barədə qısa məlumat verib.
Tədbir çərçivəsində, həmçinin, Azərbaycan Botaniklər Cəmiyyəti ilə Azərbaycan Fizioloqlar Cəmiyyəti arasında ikitərəfli elmi-əməkdaşlığa dair memordandum imzalanıb. Memorandumu ABC-nin sədri, akademik Validə Əlizadə və AFC-n sədri, b.e.d., professor Ulduz Həşimova imzalayıb.
Daha sonra akademik A.A. Qrossheymə həsr olunan sənədli film nümayiş etdirilib.
Konfransın ikinci hissəsi gənc alim və mütəxəssislərin iştirakı ilə keçirilən elmi seminarla davam edib. Seminarda müxtəlif mövzularda çıxışlar və poster məruzələr dinlənilib, geniş elmi müzakirələr aparılıb. Sonda məruzələr üzrə müsabiqə keçirilib. Təşkil olunmuş komissiyanın qərarı ilə qalib iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.