Arxiv
Akademik Ramiz Mehdiyev “Clarivate Analytics” agentliyinin nümayəndələri ilə görüşüb
28.12.2019

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Clarivate Analytics” (Thomson Reuters) agentliyinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkini və təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorovu qəbul edib.

Görüşdə akademik Ramiz Mehdiyev AMEA ilə “Clarivate Analytics”in sıx əlaqələrinin olduğunu bildirib. İki qurum arasında imzalanan əməkdaşlıq müqaviləsi nəticəsində dünyanın aparıcı elmmetrik bazası “Web of Science”dan istifadə edən AMEA alimlərinin sayının artdığını vurğulayan akademik elmi müəssisələrin agentlik ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Oleq Utkin “Clarivate Analytics” agentliyinin mütəxəssisləri tərəfindən AMEA-da bir sıra seminar və treninqlərin keçirildiyini söyləyib. Bildirib ki, seminarlarda alimlərə bu bazadan istifadə yolları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları, müxtəlif sahələr üzrə elmi məqalələrin tələbləri və s. haqqında ətraflı məlumat verilib. O.Utkin vurğulayıb ki, baza məlumatlarına əsasən elmi əsərlərin sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri sırasında birinci yerə yüksəlib.

Müzakirələr zamanı humanitar və ictimai elmlər sahəsi üzrə tədqiqatların mühüm elmi nəticələrinin impakt-faktorlu jurnallarda məqalə kimi çapına müəyyən məhdudiyyətlərin olması və ölkə üzrə bu istiqamətdə elmi jurnalın formalaşdırılması məsələsinə baxılması və s. ətrafında fikir mübadiləsi edilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə də iştirak ediblər.