Arxiv
Biologiya elmləri doktoru Elşad Əhmədov Zoologiya İnstitutunun kollektivinə təqdim olunub
13.01.2020

Yanvarın 10-da AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının cari ildə ilk iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova da iştirak edib.

İclasda akademik İradə Hüseynova çıxış edərək institutun əvvəlki direktoru fizika üzrə fəlsəfə doktoru Elman Yusifovun öz xahişi ilə vəzifəsindən azad edildiyini bildirib. Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin qərarı ilə Zoologiya İnstitutunun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədova həvalə edilib.

Elşad Əhmədovu kollektivə təqdim edən AMEA-nın vitse-prezidenti onun elmi fəaliyyəti və iş təcrübəsindən danışıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə zoologiya elminin inkişafına xüsusi önəm verdiyini deyərək, bu təyinatı müvafiq istiqamətdə atılan mühüm addım kimi səciyyələndirib.

Akademik İradə Hüseynova Zoologiya İnstitutunda elmi fəaliyyətin gücləndirilməsi, müasir metodlarla multidissiplinar tədqiqatların aparılması, innovativ fəaliyyətlə əldə edilən gəlirlərin artırılması və gənc kadrların hazırlanmasına xüsusi diqqətin göstərilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı fəaliyyət intensivləşdirilməlidir. Alim, həmçinin Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın növbəti nəşri ilə bağlı institutun yeni rəhbərliyinin qarşısında duran vəzifələrdən danışıb, müvafiq tapşırıqlar verib.  

Daha sonra elmi şuranın üzvləri institutun yeni rəhbərliyinə hərtərəfli kömək göstərəcəklərini bildirib, icraçı direktora bu məsuliyyətli işdə uğurlar arzulayıblar.

http://science.az/news/open/11918