Bu gün AMEA Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri İnstitutun direktoru, akademik Validə Əlizadə açaraq bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qətliam törədib. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə yüzlərlə Azərbaycan vətəndaşı şəhid olub, yaralanıb və xəsarət alıb, həmçinin qanunsuz həbs edilib. Bununla insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
İnstitutun ümumi işlər üzrə direktor müavini İmran Babayev 20 yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqqamları xronoloji ardıcıllıqla təqdim edib.
Tədbirdə Mikologiya laboratoriyasının müdiri, b.e.d. Dilzarə Ağayeva, İnstitutun elmi katibi, b.ü.f.d Xuraman Xəlilova, Herbari şöbəsinin elmi işçisi Mirzəyeva Şəhla və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi qiymətləndiriblər.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.