Arxiv
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
13.02.2020

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları və aidiyyəti üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Ümumi yığıncağın sədri, akademik İradə Hüseynova əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Akademiyada aparılan genişmiqyaslı islahatlardan, o cümlədən struktur dəyişiklikləri ilə bağlı görülən işlərdən danışıb, bu islahatların Azərbaycan elminin gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Alim “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” barədə də məlumat verərək, proqramın müvafiq bəndləri ilə bölmə üzvlərini tanış edib.

Sonra tədbirin gündəliyinə uyğun olaraq BTEB-in Elmi şurasının üzvlərinin seçkiləri keçirilib, 14 nəfər şuraya üzv seçilib. Seçkinin nəticələrinin Rəyasət Heyətinin müzakirəsinə verilməsi qərara alınıb.

Daha sonra bölmə institutlarının rəhbərləri 2020-ci il üzrə doktorantura və dissertanturaya qəbul planına dair təkliflərini səsləndiriblər. 

Akademik İradə Hüseynova bölmədə nəşriyyat işinin vəziyyəti barədə məlumat verərək, nəşriyyat fəaliyyətinin əsas göstəriciləri olan kitab, toplu, jurnal və mühüm elmi nəticələri özündə əks etdirən tədqiqat əsərlərindən bəhs edib. O, BTEB-in “Həyat elmləri və biotibb” jurnalının 2019-cu ildə çapdan çıxmış ilk iki nömrəsi, həmçinin “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri” (ingilis dilində), Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalları barədə danışıb, elmi təşkilatlar tərəfindən dərc edilən jurnalların fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.

Gündəlikdə yer alan növbəti məsələlər AMEA-nın Zoologiya və Dendrologiya institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi barədə olub, müvafiq qərarlar qəbul edilib.

Ümumi yığıncaqda BTEB-in sabiq elmi katibi Ramiz Babayev, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları – elmi işlər üzrə direktor müavini vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, Proteomiks beynəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov və Fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev BTEB-in Fəxri fərmanı ilə təltif ediliblər.