Bu gün Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər heyətinin qarşısında duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Tədbirdə kitabın baş redaktoru, akademik Ramiz Mehdiyev çıxış edərək çoxcildliyin hazırlanması və nəşri haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarının qəbul olunduğunu diqqətə çatdırıb. Çoxcildliyi Azərbaycanın müstəqillik dövrünün elmi-nəzəri salnaməsi kimi qiymətləndirən alim nəşrin tarixi əhəmiyyəti, eləcə də tematik və metodoloji xüsususiyyətlərindən bəhs edib.
AMEA-nın prezidenti kitabda ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi hakimiyyətləri dövründə ölkəmizdə baş vermiş ictimai-siyasi proseslər, dövlət quruculuğu məsələləri, daxili və xarici siyasət, elm, təhsil və mədəniyyətin inkişafı və s. kimi prioritet istqiamətlərin yer alacağını qeyd edib. O, ölkəmizin müstəqillik tarixinin bütün proseslərini əhatə edəcək bu nəşrin humanitar və ictimai elmlər sahəsində çalışan alimlərimizin mühüm elmi araşdırmaları əsasında ərsəyə gələcəyini bildirib.
Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək çoxcildliyin hazırlanması ilə bağlı qarşıda duran vəzifələrdən söz açıb, hər bir fəsil üzrə işlənəcək mövzular və müəlliflər heyəti haqqında məlumat verib.
Müşavirədə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Fəlsəfə İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Əli Həsənov və başqaları çıxış edərək ölkə tarixinin olduqca mühüm bir dövrünə həsr olunacaq kitab haqqında fikir və mülahizələrini irəli sürüblər, tapşırılan işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklərini bildiriblər.
Sonda akademik Ramiz Mehdiyev “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin müəlliflər kollektivinə müvafiq tövsiyə və tapşırıqlarını verib.