Arxiv
MBBİ-nin gənc alimi İctimai TV-də koronavirusa qarşı hazırlanan dərman və vaksinlərdən danışıb
02.05.2020

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) böyük elmi işçisi Aytən Ağayeva İctimai TV-nin canlı yayımlanan “Sabahın xeyir, Azərbaycan!” proqramının qonağı olub.

Virusa qarşı olan vaksinlər və müalicəvi aparatların vəziyyətinə dair son məlumatları təqdim edən alim hazırda pandemiyaya qarşı dərman və vaksin preparatlarının hazırlanmasının iki istiqamətdə aparıldığını bildirib. Qeyd edib ki, bu gün alimlər tərəfindən yeni dərman preparatlarının işlənib hazırlanması, o cümlədən satışda olan müxtəlif antiviral, antiparazitik, antibakterial dərmanların tək və kompleks şəkildə virusa qarşı aktivliyi müəyyən edilir. Bundan əlavə, 3 istiqamət üzrə yeni vaksinlərin hazırlandığını deyən A.Ağayeva bildirib ki, bunlar zəiflədilmiş və yaxud öldürülmüş koronaviruslardan ibarət vaksinlər, eləcə də virusun səthi proteinlərindən yaradılmış, hər hansı bir nanohissəcik və ya viral vektordan istifadə etməklə virusun genomunun DNT, yaxud RNT-sindən ibarət olan vaksinlərdir.

Alim bu prosesə uzun illərin sərf olunduğunu deyib: "Yeni vaksinlər heyvanlar üzərində sınaqların aparıldığı pre-klinik tədqiqatlar, insanlar üzərində yoxlamaların baş tutduğu klinik araşdırmalar, hazırlanmış dərman preparatının aktivliyinin təsdiq edilməsi, lisenziyasının alınması və satışa çıxarılması olmaqla 4 mərhələdən keçir".

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarını da təqdim edən gənc mütəxəssis hazırda 6 vaksin üzərində klinik sınaqların aparıldığını, 77 vaksinin isə pre-klinik mərhələdə olduğunu söyləyib.