Arxiv
İradə Hüseynova: tibbi maska, sosial məsafə və dezinfeksiya vasitələri gündəlik həyatımızın normasına çevrilməlidir
22.06.2020

Azərbaycanda COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən mümkün olan və hətta deyərdim ki, mümkünsüz görünən bütün addımlar atılıb. Dövlətin ağır iqtisadi duruma düşmək təhlükəsinə baxmayaraq, insanların sağlamlığı və təhlükəsizliyi ilk plana çəkilib, bununla bağlı çox mühüm və cəsarətli qərarlar qəbul edilərək həyata keçirilib. Bu tədbirlər ölkəmizi pandemiyanın ilk hücumundan xilas edə bilib.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova AZƏRTAC-a açıqlamasında deyib.

Pandemiyanın ikinci dalğasının bütün dünyada olduğu kimi, ölkəmizdə də ciddi təhlükə doğurduğunu vurğulayan akademik bildirib ki, dünyanın əksər ölkələri kimi, Azərbaycan da pandemiyanın ikinci dalğası ilə bağlı təhlükə ilə üz-üzə qalıb. Bu vəziyyətin yaranmasında biz hamımız, müxtəlif dərəcədə də olsa, günahkarıq. Kimlərsə inamsızlıq ucbatından həkimlərin və müvafiq dövlət orqanlarının gigiyena və sosial məsafə ilə bağlı məsləhətlərinə qulaq asmayaraq özlərini və yaxınlarını qorumadıqları, kimlərsə əhəmiyyətsiz görünə bilən yoluxma əlamətlərini hiss etdikləri halda cəmiyyət arasına çıxmaları, ictimai nəqliyyatdan istifadə etmələri, iş yerlərinə getmələri, kimlərsə vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdıqları, elm adamları isə lazımi səviyyədə təbliğat apararaq insanları elmi dəlillərlə inandıra bilməmələri ucbatından təhlükənin dərinləşməsinə səbəb olublar”.

Bu gün şəksiz olaraq sosial məsuliyyət dövrüdür. Biz təkcə özümüzə görə deyil, sevdiklərimizi təhlükəyə atmamaq xatirinə sadə qaydalara riayət etməliyik. Bu qaydalar heç kimə, heç zaman ziyan gətirməyib, yalnız insanın, toplumun, cəmiyyətin xeyrinədir. Bu, birmənalı olaraq belədir. Kimsə inanmırsa, qoy öz daxillində inanmamağa davam eləsin, amma eyni zamanda onu da düşünsün ki, virusun yayılma halqasına çevrilərsə, özünə bir şey olmasa da, istəməyərəkdən kimlərinsə dünyasını qaralda, kimlərinsə ömürlük şikəst qalmasına səbəb ola, risk qrupundan olan birisinin həyatına son qoymaqla qatilə çevrilə bilər. Bəlkə kimi isə yoluxdurmağa görə cəza almayacaq, amma vicdanın məhkəməsi qarşısında, Allah qarşısında mütləq cavab verəcək.

“Dünyada və ölkədə gedən proseslərdən agah olan bir elm adamı kimi tam məsuliyyətlə deyirəm, qapalı şəraitdə – ictimai nəqliyyatda, iş yerlərində, marketlərdə, iaşə obyektlərində tibbi maskadan mütləq istifadə edilməlidir. Əgər yaxın təmas yoxdursa və maska ciddi narahatlıq yaradırsa, yalnız açıq havada ondan istifadə etməmək yolveriləndir. Biz yüz dəfələrlə, az qala yalvara-yalvara demişik, yazmışıq və yenə də dayanmadan müraciət etmək niyyətindəyik: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri gündəlik həyatımızın normasına çevrilməlidir. Görüşərkən yaxın təmaslardan çəkinmək bir-birinizə dəyər vermədiyiniz anlamına gəlmir, insanların xoş niyyətləri və istəkləri onsuz da hiss olunur.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalqa müraciətlərində qeyd edilən çox sadə qaydalara əməl etməyin vacibliyini dəfələrlə vurğulamışlar. Gəlin elə hesab edək ki, sosial məsafəni gözləmək, maska taxmaq, gigiyena və karantin qaydalarına əməl etməklə, özümüzün və ətrafımızdakıların sağlamlığına biganə yanaşmamaqla Prezidentlə həmrəyliyimizi ifadə edir, ona xalqın dəstəyini nümayiş etdiririk. Axı əksər Azərbaycan vətəndaşları Ali Baş Komandanın bir əmri ilə hamılıqla ayağa qalxıb canla-başla torpaqlarımızı düşmən tapdağından xilas etməyə yollana biləcəklərini daim vurğulayırlar! Bu gün qarşımızda virus adlı düşmənimiz vardır. Ölkə başçısının sosial məsuliyyətlə bağlı sağlam düşüncəyə və elmi biliklərə əsaslanmış çağırışlarına qoşularaq pandemiyaya qalib gəlsək (inanıram ki, bu belə də olacaq!), üzdəniraq qonşularımızı tarixi torpaqlarımızdan qovmaq iradəmizi də nümayiş etdirmiş olarıq!

Müraciətimi Mehriban xanımın bir çıxışında dediyi sözlərlə bitirmək istəyirəm: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

Əziz həmvətənlərimiz, niyyətimiz və əməllərimiz gözəl olsun! Allah xalqımızı qorusun!”, - deyə akademik İrada Hüseynova bildirib.