Arxiv
Azərbaycanda bitki mühafizəsi strategiyasının davamlı inkişafı üzrə uğurlu fəaliyyət
07.07.2020

Azərbaycanın yabanı flora müxtəlifiyi çox zəngindir: 5000 qədər ali bitki növü qeydə alınmış və hazırda onların təsviri davam edir. Ümumilikdə Qafqazda yayılan bitki növlərinin təqribən 64%-i burada rast gəlinir, bu da flora müxtəlifliyi və yüksək endemizmi (200 Azərbaycan endemi və 950 Qafqaz endemi) ilə Azərbaycan florasını Qafqaz Biomüxtəlifliyinin Qaynar Nöqtəsinin bir hissəsinə aid edir. Bundan əlavə olaraq ölkə florası Üçüncü dövrə aid olan relikt bitki növləri ilə də olduqca zəngindir. Son illər yerli floranın say və tərkibi biotik və abiotik amillərin təsiri altında kəskin dəyişir. Nadir və ya nəsli kəsilməkdə olan bitki növləri, xüsusilə təbii fəlakətlər, iqlim dəyişikliyi, eroziya, antropogen və s. kimi ekoloji amillərin təsirinə məruz qalır. Bu isə öz növbəsində in situex situ üzrə əlavə mühafizə tədbirlərinə ehtiyacı artırır. Bu baxımdan müasir dövrdə bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi istər qlobal, istərsə də regional səviyyədə prioritet və aktual məsələlərdən biri hesab edilir.

Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üzrə BMT-nin Biomüxtəliflik Konvensiyasının Bitki Mühafizəsi üzrə Qlobal Strategiyanın (BMQS) Hədəf 8-də "təhlükə altında olan bitki növlərinin ən azı 75%-nin, əsasən, vətənində ex situ mühafizəsini, bərpa və yenilənmə (regenerasiya) tədbirləri üçün ən azı 20%-nin mövcud olması"nı 2020-ci ilə qədər qarşıya məqsəd qoyur.  Bundan başqa “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təsdiq edilmişdir.

Biomüxtəliflik və onun mənşəyinin öyrənilməsi təbiət və təbii resursların qorunmasına yönələn AMEA Botanika İnstitutun əsas istiqamətlərinin birini təşkil edir. Beləliklə, bioloji müxtəlifliyin qorunması sahəsində 2000-ci illərdən başlayaraq İnstitutun fəaliyyəti yerli və Qafqaz florasının müxtəlifliyin öyrənilməsi, endem və nadir bitki növlərinin təhlili, onların statusunun müasir kateqoriya və meyarlara uyğun qiymətləndirilməsi, populyasiyaların sayı və vəziyyətinin öyrənilməsi və onların mühafizəsinə istiqamətləndirilmişdir. Botanika İnstitutu tərəfindən dünyanın aparıcı beynəlxalq elmi təşkilatlarla imzalanmış memorandumlar və müqavilələr çərçivəsində həyata keçirilən tədqiqatlar bu baxımdan çox əhəmiyyətlidir. Geyd etmək lazımdır ki, bunların çərçivəsində icra edilən layihələrin, xüsusilə uzunmüddətli beynalxalq layihələrin nəticələri Botanika İnstitutunun alimlərinə  yeni imkanlar açaraq, İnstitutun dünya Botanika cəmiyyətinə inteqrasiyasına şərait yaratdı.

2012-ci ildə dünyanın ən iri toxum banklarından biri hesab edilən Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu arasında Azərbaycan florasının prioritet bitki növlərinin, xüsusilə nadir, nəsli kəsilməkdə olan və iqtisadi əhəmiyyətli növlərin mühafizəsi üzrə Əməkdaşlıq Memorandumu imzalanmışdır. Memorandum çərçivəsində Azərbaycanda BMQS-in 8-ci hədəfinin reallaşdırılması istiqamətində mühüm rol oynayan bir sıra beynəlxalq layihələr həyata keçirilmişdir. Belə ki, Qafqaz florasının qorunması istiqaməti üzrə 2013-2015-ci illərdə “Azərbaycanda yabanı bitki növlərini toxumlarının toplanması”, 2016-2018-ci illərdə həmin layihənin II mərhələsi yerinə yetirilmişdir. Azərbaycanın nadir, iqtisadi əhəmiyyətli və relikt ağac növlərinin mühafizəsi üzrə isə 2016-2018-ci illərdə “RE Qarfild Qlobal Ağac Toxum Bankı” layihəsi üzrə Minilliyin Toxum Bankı,  AMEA Botanika İnstitutu və AMEA Mərkəzi Nəbatat Bağı birgə əməkdaşlıq etmişdir.

Həyata keçirilən birgə layihələrin əsas məqsədləri bitki növlərinin toxumlarının toplanması və təbii populyasiyaların qorunması yolu ilə prioritet bitki növlərinin regional genetik müxtəlifliyin saxlanılması ilə biomüxtəlifliyin ex situ mühafizə edilməsi olmuşdur. Ümumilikdə həyata keçirilən layihələr üzrə Toxum Bankında 291 toxum kolleksiyalarında 56 fəsilə və 142 cinsə aid 246 yabanı bitki növünün toxumları mühafizə olunur. Onlardan 10 növü Azərbaycan, 29 növü Qafqaz endemidir. Toxum kolleksiyalarında eyni zamanda Azərbaycanın Qırmızı Kitabına daxil olan 28 nadir və 6 relikt bitki növünün toxumları da mövcuddur.

Minilliyin Toxum Bankı Tərəfdaşlığının dəstəyi nəticəsində 2017-ci ildə Botanika İnstitutunun Toxum Bankı (BİTB) yaradılmışdır. BİTB yabanı bitki növlərinin toxum kolleksiyalarının qısa və uzun müddətli saxlanması üçün nəzərdə tutulmuşdur. Botanika İnstitutunda toxum bankının yaradılması bir çox hallarda nəsli kəsilmək təhlükəsi altında olan populyasiyaların saxlanılması üçün vacib alətdir. Məlumdur ki, Toxum bankı uzun illər səmərəli qənaət edə bilər və toxumlar sonra fövqəladə vəziyyətdə yenidən istifadə olunur. Bu, həm də Azərbaycanda bitki biomüxtəlifliyinin qorunması və davamlı inkişafı ilə bağlı gələcək araşdırmalara töhfə verəcəkdir.

Hazırda, birgə layihələrin Botanika İnstitutu tərəfindən uğurla reallaşdırıldığını nəzərə alaraq Minilliyin Toxum Bankı Tərəfdaşlığı  ilə Əməkdaşlıq Memorandumu 2020-ci ildə yenidən 3 il müddətinə, 2023-ci ilə qədər uzadılmışdır. İkitərəfli beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin əsas məqsədi biomüxtəlifliyin mühafizə edilməsi məqsədi ilə birgə yeni layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin aparılması, dünya elminin prioritet istiqamətləri üzrə birgə tədqiqatların aparılmasıdır. Bundan başqa hər iki təşkilat arasında Əməkdaşlıq Memorandumu çərçivəsində “Təhlükə altında olan biomüxtəlifliyin qaynar nöqtələri” adlı yeni layihənin həyata keçirilməsi məqsədi ilə müqavilə imzalanmışdır. Layihə çərçivəsində Azərbaycan florasının təhlükə altında olan və qorunmağa ehtiyacı olan bitki növlərinin ex situ mühafizəsi həyata keçiriləcəkdir. Bundan əlavə olaraq fərdlərinin sayı azalan bitki növlərinin təbii yaşama mühitində yenidən bərpa edilməsi məqsədilə reintroduksiya istiqamətində tədqiqatlar uğurla yerinə yetirilir. Belə ki, bir sıra nadir bitkilərin toxumları və soğanaqları AMEA Mərkəzi Nəbatət Bağlarının canlı kolleksiyalarına daxil edilmişdir.

Yüksək keyfiyyətli toplanılmış və sənədləşdirilmiş toxum kolleksiyaları genetik müxtəlifliyin mühafizəsi, fitomüxtəlifliyin bərpası və davamlı istifadəsi baxımından gələcək konservasiya işləri üçün olduqca vacib və səmərəli vasitədir.

VALİDƏ  ƏLİZADƏ (akademik, Azərbaycan Milli Elmlər Akademiyası,  Botanika İnstitutunun direktoru)

AİDƏ  İBRAHİMOVA (Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Toxum Bankı sektorunun müdiri)