Arxiv
Akademik İradə Hüseynova: Düşmən qüvvələrə qarşı milli birlik, güclü vətəndaş mövqeyi nümayiş etdirməliyik
20.07.2020

Bu gün Azərbaycan dövləti dünyanın ən güclü ordularından birinə sahibdir. Bu ordu qarşıya qoyulan istənilən vəzifənin, hərbi tapşırığın öhdəsindən gəlmək qüdrətinə malikdir. Təcavüzkar Ermənistan dövləti ilə bütün təmas xətti boyunca baş verən hər bir növbəti iri və ya xırda toqquşma bunu təkrar-təkrar sübut edir, hər dəfə düşmən daha çox bədbinliyə qapılır, işğal altında olan torpaqlarımızın azad edilməsi və tam qələbənin əldə olunması daha da yaxınlaşır. İyulun 12-də Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti qanlı toqquşmalar baş verib. Ermənistanın məkrli və çirkin təxribatının qarşısı ordumuzun qüdrəti və şücaəti, qəhrəman oğullarımızın qanı bahasına qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Bunun ardınca, iyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə aksiya keçirildi, xalq qətiyyətlə öz dövlətinə, Prezidentinə və ordusuna etimadını, vətənpərvərlik ruhunun nə dərəcədə yüksək olduğunu bir daha ortaya qoydu. Bu mənzərəni seyr etmək, yürüş zamanı səsləndirilən şüarları dinləmək sevindirici və qürurverici idi. Aksiyanın gedişində, eləcə də sosial şəbəkələrdə xalq kütlələri, yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın əmrini gözlədiklərini və onun ətrafında səfərbər olduqlarını bir daha nümayiş etdirdilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib.

Akademik deyib: “Lakin həmişə olduğu kimi, xalqın hissləri ilə oynamaqla suyu bulandırmaq istəyənlər, düşmən dəyirmanına su tökənlər yenə də tapıldı, onlar döyüş bölgələrində və Bakıda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yaymağa başladılar. Qələbənin yaxınlığı ilə bağlı ruh yüksəkliyi yaşayan insanlarımızın düşmənə olan qəzəbinin məcrasını yanlış istiqamətə yönəltməyə, yaradılan şəraitdən sui-istifadə edərək prosesə siyasi məzmun verməyə, hadisələri nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhd göstərən bir ovuc xəyanətkar meydana çıxdı və təəssüf ki, bəzi çılğın gənclər bu iğtişaşa uydular. Qeyd etməyi özümə borc bilirəm ki, xalqımız dövlət başçısının sosial-iqtisadi və hərbi müdafiə siyasətini, dövlətin təhlükəsizliyinə, qüdrətinin artırılmasına, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına, sağlamlığının mühafizəsinə yönəldilmiş islahatlar xəttini ürəkdən bəyənir və ciddi şəkildə dəstəkləyir. Orta və yaşlı nəsil hərc-mərclik, anarxiya və özbaşınalıq dövrlərini yaxşı xatırlayır və bizə bunları bir daha yaşatmaq mümkün olmayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının bütün kollektivi, böyük ziyalı ordusu bu kimi halları, ölkəmizi xaos dövrünə qaytarmaq cəhdlərini qətiyyətlə qınayır, təxribatçıların, Milli Məclisin binasında vandallıq törədənlərin, asayiş keşikçilərinə qarşı zor tətbiq edənlərin, gənclərin vətənpərvərlik hissləri ilə oyunbazlıq edənlərin qanunun aliliyi qarşısında cəzalandırılmasını tələb edir. Dövlətə, xalqa qarşı xəyanəti əsla bağışlamaq olmaz! Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü inkişaf edən dövlətinə çevrilib. Əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz şəhidlərimizin qanı, xalqımızın əyilməz iradəsi, cəmiyyətin bütün təbəqələrinin zəhməti bahasına qazandığımız dəyərləri və uğurları əldən verə bilmərik. Belə bir həssas dövrdə istər pandemiya ilə mübarizədə, istərsə də düşmən qüvvələrə qarşı milli birlik, həmrəylik, güclü vətəndaş mövqeyi nümayiş etdirməli, mövcud ictimai təhlükəsizliyi və sabitliyi qoruyub saxlamalıyıq. Xalqla birlikdən güc alan şərəfli Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır və Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü tezliklə tam şəkildə bərpa etməyə qadir olduğunu sübut edəcəkdir”, - deyə akademik İradə Hüseynova bildirib.