Azərbaycan Respublikası artıq otuz ildən artıqdır ki, təcavüzkar, riyakar erməni xisləti, torpaq, yurd istilaları ilə üz-üzədir. Müasir dövrdə də erməniçiliyin məkrli oyunları bitmir. Əks halda niyə illərlə istilası uğrunda haqsız iddialar, yalan tarixlər uydurduğu Dağlıq Qarabağ ərazisindən xeyli uzaqda yerləşən Tovuz sərhəd xətti hədəfə alınırdı? Üstəlik də sərhəd xəttindəki hərbi bölmədən çox, mülki əhalinin yaşayış evlərinin dağıdılmasına, rayon xəstəxanasının məhvinə hesablanmış bu əməliyyat yüz il bundan əvvəl də düşmənin mahiyyətini təşkil edən vandalizmin, qəddarlığın bütün dünyaya növbəti sübutu deyilmi? Lakin nizamlı, güclü Azərbaycan ordusunun qətiyyətli və sərrast cavabı düşməni böyük itkilərlə susdurmaqda davam edir.
Hər bir azərbaycanlının şəhid xəbərləri ilə bir tərəfdən qəlbini göynədən, inlədən, digər tərəfdən qürur hissi ilə qəhərlədən bu gərgin günlərdə Tovuz rayonu istiqamətində gedən döyüşləri yenə də həyəcanla axtarır və izləyirik. Ev-eşiyi dağıdılsa da torpaqlarını bir addım belə tərk etməyən mülki vətəndaşların dönməzliyini, Milli Ordunun gücünə inamını gördükcə 1918-1919-cu illərin qanlı hadisələri zamanı yumruq kimi birləşən xalq hərəkatı yada düşür. Həmin illərin erməni-quldur hücumlarına qarşı yerli əhalinin yaratdığı belə Milli Özünümüdafiə dəstələrindən biri də İrəvanın Vedibasar bölgəsində idi. Bu məşhur döyüşlərdən bəhs edərkən tarixi qaynaq onu da yazır ki, vedililər gecə-gündüz bilmədən səngərlərdə, qalalarda yaşayır, düşmən hücumlarını nəinki geri oturdur, hətta bəzən onlara məhvedici zərbələr endirərək silah-sursatlarını atıb qaçmağa da məcbur edirdilər.
Bu gün növbəti siyasi, ədalətsiz oyunların meydanına çevrilmiş Tovuz döyüşləri soyu qədim və şərəfli xalqın qan yaddaşına hakim olan milli qeyrət, dəyanət mənşəyini yenidən alovlandırdı. Və təkcə döyüş, sərhəd bölgəsində deyil. Torpağının yenidən atəşə tutulması, generalının, əsgərinin yenidən şəhid olma hüznü xalq izdihamını and yerimiz “Şəhidlər” ocağında topladı. Dövlətçiliyə, Vətənə ciddi təhlükə yarandığı o günlərdə xalq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordunun hər zaman yanında olduğunu, təxribatlara, işğala qarşı nifrətini xüsusi mətinlik və əzmkarlıqla nümayiş etdirdi.
Tovuz bölgəsində atışmaların, təhlükənin hələ də səngimədiyi bu gərgin günlərdə dünya azərbaycanlıları vətənin haqq səsini, ölkə həqiqətlərini dünya ictimaiyyətinə hayqırmaqdan yorulmurlar. İsveçdə, ABŞ-da, Kaliforniya və Niderlandda, İsrail, Avstraliya və digər ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan sərhəddindəki erməni təxribatlarına hiddəti, etirazı, nümayişlər, bəyanat və müraciətlər, sosial şəbəkələrdə çıxışlar əlli beş milyonluq Azərbaycan harayının, gücünün susmaz ifadəsidir.
Soydaşlarımızın xarici ölkə nazirlikləri və dövlət nümayəndələrinə ünvanladığı məktublarda o da vurğulanır ki, Ermənistanın Tovuz rayonunda hərbi təxribat törətməsi BMT Baş katibinin COVİD-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarına da saymazlıqdır və beynəlxalq hüquq və normalara qarşı riyakarlığın bir daha bariz göstəricisidir.
Nəzmiyyə Yigitoğlu, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru