Məlum olduğu kimi, cari ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərakatına üzv ölkələrin Təmas Qrupunun Zirvə görüşü keçirilmişdir. Koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda dövlət və hökümət başçıları səviyyəsində keçirilən video konfransda cənab prezident tərəfindən BMT Bas Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü irəli sürüldü. Bu təklif Qoşulmama Hərəkatına üzv olan 120 ölkədə yekdilliklə bəyənildi və cənab İ.Əliyev həmin ölkələr adından BMT Baş katibi Antonio Quterres müraciət etdi. Xüsusi sessiyanın çağrılması üçün BMT-nin üzvü olan 197 ölkədən 97 ölkənin razılığı kifayət idi. Lakin, qısa zaman ərzində 130 ölkə öz razılıqlarını rəsmi şəkildə bildirdi və məsələnin vacibliyi vurğulandı. Bu təşəbbüsə qarşı çıxış edən yeganə ölkə Ermənistan oldu. Əlbəttə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, sözünün kəsəri işğalçı Ermənistanı çox narahat edirdi. Bütün dünya Covid-19-a qarşı mübarizədə həmrəyliyin vacib olmasını qeyd etdiyi halda, Ermənistan bu çıxışı ilə özünü rüsvay etdi və antiinsanı xüsusiyyətlərini bir daha nümayiş etdirdi. Bununla da bütün dünya ölkələri ermənilərin əsil irticaçı simasının şahidi oldular.
Bu görüş Azərbaycan dövlətinin birləşdirici siyasət həyata keçirdiyini bir daha göstərdi və ölkə Prezidentinin təşəbbüsü dünya miqyasında yüksək qiymətləndirilərək, Qoşulmama Hərəkatının gündəliyinə tarixi hadisə kimi daxil oldu.
Təcavüzkar Ermənistan tərəfindən sərhədlərimizdə hərbi təxribatlar törədilməsi ilk dəfə deyildi. Son bir neçə ayda belə təxribatlar nəticəsində bizim hərbi qulluqçularımız və mülkü vətəndaşlarımız həlak olublar. Biz müharibə istəmirik və başqalarının 1 metr torpağında da gözümüz yoxdur. Ermənistan isə tarix boyu Azərbaycana qarşı torpaq iddiasında olub və bu mənfür niyyətini bu gün də davam etdirməkdədir. Hazırda o, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. Bu, azmış kimi, iyul ayının 12-də Ermənistan silahlı güvvələri beynəlxalq hüquq normalarını pozaraq, qəfildən Azərbaycanın Tovuz rayonu sərhədlərindəki strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməyə cəhd etmiş və qüdrətli ordumuz tərəfindən, əlbəttə ki, itkilər olsa da (düşmənin itkiləri bundan qat-qat çoxdur), geri çəkilməyə məcbur edilmişlər.
Bu təxribatların başlıca səbəbi nədir? Əsas səbəb, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna qarşı dura bilməməsi, öz iflasa uğrayan daxili siyasətini ört-basdır etmək, təcavüzkar xarici siyasətini möhkəmləndirmək və Azərbaycan ərazilərini işğal altında saxlanılmasına görə daşıdığı məsuliyyətdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa yönəldilmiş yeni cəhdidir. Ermənilər hələ də dərk edə bilmirlər ki, Azərbaycan Respublikası öz ərzilərinin beynəlxalq miqyasda dünyaya bəlli olan işğal faktı ilə heç zaman barışmayacaq və torpaqlarının 1 qarışını də düşmən tapdağı altında qoymayacaq.
Əlbəttə, Azərbaycan münaşiqəni həmişə qəbul edilmiş beynəlxalq qaydalara riayət etməklə, siyasi yolla həllinə üstünlük verir. Lakin, ölkəmiz yaranmış vəziyyətin sonsuz olaraq belə davam etdirilməsi fikrində də deyil və işə cavabdeh olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən öz vasitəcilik səylərini bu istiqamətdə aparacaqlarını gözləyir və danışıqların nəticə verəcəyinə ümid bəsləyir.
Ermənistan rəhbərliyi bilməlidir ki, sərhəddə yaranmış gərginliyin son nəticəsi onların üzərinə düşəcək. Dünyanın müxtəlif ölkələrinin və beynəlxalq təşkilatların Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin beynəlxalq konvensiyanın tələblərinə zidd olaraq Azərbaycan sərhədlərini pozmaq, evləri və həyatyanı sahələri ağır silahlardan atəşə tutmaq cəhdlərini, mülkü vətandaşın ölümü kimi vandalizm hərəkətlərini pisləməsinə dair məlumatlar bir daha bunu təsdiq edir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe bütün ictimaiyyət, o cümlədən AMEA əməkdaşları tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılandı.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı Ermənistanın təcavüzkar hərəkətinə qarşı Milli Ordumuzun vurduğu sarsıdıcı zərbələr, ordu quruculuğuna, ordunun gücləndirilməsinə dair verdiyi tapşırıqlar bütün Azərbaycan vətandaşları kimi biz alimləri də bir daha əmin etdi ki, Azərbaycan dövləti güclü və qüdrətlidir və onun rəhbəri cənab İ.Əliyev beynəlxalq miqyasda tanınmış siyasi liderdir!.
Hörmətli Prezident, Ali Baş Komandan! Biz, alimlər torpaqlarımızın azad olunması istiqamətində Sizin apardığınız daxili və xarici siyasəti dəstəklədiyimizi bildiririk. Biz həmişə sizinləyik!
AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini,
b.e.d. Eldar Novruzov