Bakı, 29 iyul, AZƏRTAC
Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzkar siyasəti və bunu beynəlxalq səviyyədə dəstəkləməyə yönəldilmiş təbliğat xarakterli fəaliyyəti 30 ildir davam edir. Son günlərdə münaqişənin genişləndirilməsi və digər ərazilərmizin işğal olunması məqsədilə mənfur qonşularımız Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi təxribatlar törədirlər. Ermənilər xarici ölkələrdə bu hadisələri gerçəkdə olduğu kimi deyil, öz yalanları ilə cəmiyyətə çatdırmağa çalışırlar. Bütün bunlara cavab olaraq ölkəmiz tərəfindən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl tədbirlər görülür. Rəsmi məlumatlara əsasən, faydalı qazıntılarla zəngin olan Azərbaycanın işğal edilmiş ərazilərində erməni talançıları tərəfindən əlvan və qara metalların, mineral su mənbələrinin və s. intensiv hasilatı həyata keçirilir. Bu cür sistemsiz fəaliyyət həmin ərazilərin ətraf mühitinə və ümumilikdə ekosistemə, habelə flora və faunaya ciddi zərər verir. Belə ki, yayılması yalnız həmin ərazilər üçün göstərilmiş bir sıra bitki növlərinin itmə təhlükəsinin yaranması artıq bizdə sual yaradır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının sədri Aida İbrahimova söyləyib. O bildirib ki, işğal olunmuş torpaqlarımız haqqında, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı faktların beynəlxalq ictimaiyyətdə təbliği və maarifçilik işlərinin mütəmadi olaraq həyata keçirilməsi çox vacibdir. Qürurverici haldır ki, respublikamızın gənc alimləri istər elmi, istərsə də informasiya texnologiyaları sahələrində dünya miqyasına çıxa bilirlər. Onlar ermənilər tərəfindən böhtan xarakterli və əsassız məlumatların yayılması problemlərinin həll olunması, həqiqətlərin sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə beynəlxalq ictimaiyyətə düzgün çatıdırlmasında, eyni zamanda, Vətənimiz və şəhidlərimiz haqqında təbliğat işləri aparılır. Botanika İnstitutunun gənc alim və mütəxəssisləri də düşmənlərimizə, mənfur qonşularımıza qarşı birgə mübarizə aparmağa, Vətənə və məğrur xalqımıza dəstək olmağa daim hazırdır.