Bioloqlar Antarktidanın Vostok gölündə bakteriyaların dördüncü növünü aşkar ediblər. Həmin növ bir neçə milyon il ərzində təcrid şəraitində yaşayıb. Bu barədə Peterburq Nüvə Fizikası İnstitutu tədqiqat aparıb.
TASS informasiya agentliyi xəbər verir ki, institutda Antarktida buzlağında 3721 metr dərinlikdən çıxarılmış buz nümunələri tədqiq edilib. Nümunələrin tərkibində bakteriyaların dördüncü növü-3721v34-24 aşkarlanıb. Məlum olub ki, həmin bakteriyalar və onların yaxınlığında olanlar mikrobların məlum növləri ilə uzun müddətdir əlaqədə deyil.
Antarktidada dörd kilometr dərinlikdə yerləşən Vostok gölünün ekoloji sistemi bir neçə milyon ildir ki, təcrid vəziyyətindədir. Rusiya və Britaniya alimləri gölün mövcudluğunu hələ 1996-cı ildə təsdiqləyib və həmin vaxtdan etibarən onu tədqiq edirlər. Vostok gölü nəinki bioloqları, həmçinin astrobioloqları cəlb edir. Belə ki, bu, Yupiter və Saturnun Avropa və Enkelad kimi peyklərinin təkində yerləşən buzaltı okeanların Yerdəki yeganə analoqudur.
Son beş ildə Peterburq Nüvə Fizikası İnstitutundan bir qrup alim göldə eyni vaxtda üç növ bakteriya aşkar edib. Onlardan ikisinə Vostok gölündən kənarda rast gəlinməyib. İndi isə tədqiqatçılar dördüncü növü aşkar ediblər. Bu mikroorqanizmlərə ən yaxın “qohum” “Bacteroidetes” ola bilər, çünki onun genomu 3721v34-24 mikrobunun müxtəlif ştamlarının DNT-nə 87 faiz uyğun gəlir. Lakin mikrobiologiya nöqteyi-nəzərindən bu, çox azdır. Ona görə də alimlər kəşf edilmiş növü bakteriyaların hər hansı fəsiləsinə aid edə bilmirlər.
Bioloqların fikrincə, bu orqanizmlərin genetik strukturunun öyrənilməsi milyon illər ərzində müvafiq şəraitdə həyatın necə mövcud olduğunu müəyyənləşdirməyə kömək edəcək.