27 oktyabr 2020-ci il tarixdə qalacaq Böyük Zəfərin başlanğıcı. Azərbaycan düşmən təxribatına cavab olaraq öz suverenliyi və torpaqlarının azad olunması uğrunda qanuni hərbi əməliyyatlara başladı. Hazırda Dağlıq Qarabaq və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində mübarizəmiz uğurla davam edir. Ön cəbhədə döyüşənAzərbaycan əsgərləri böyük cəsarət və şücaət nümayiş etdirir, ruh yüksəkliyi ilə mübarizə aparır və düşmən tapdağı altında qalmış torpaqlarımızı azad edirlər.
Eyni zamanda münaqişə bölgəsində yerləşən rayonların sakinləri qorxmadan, fədakarcasına səbr və mətanət göstərirlər. Mülki insanlar düşmənin amansız raket və artelleriya atəşlərinə məhəl qaymadan yaşayış məskənlərini tərk etmir, beləliklə döyüşən əsgərlərimizə dəstək olmaqla yanaşı öz duruşları ilə qələbənin yaxınlığına inam ifadə edirlər. Vətən uğrunda döyüşən əsgərlərimiz, canından keçmiş şəhidlərimiz hər birimizin övladıdır. Torpaqlarımızın azad olması üçün bütün Azərbaycan vətəndaşları və diasporu bir yumruqda birləşib. Dunya dövlətləri artıq başa düşür ki, Azərbaycan müasir dünyada sülhsevər olmaqla yanaşı müasir silahlarla yaxşı təmin edilmiş və mükəmməl döyüş taktikasına yiyələnmiş güclü orduya malikdir. Bunu qısa müddət ərzində döyüş meydanında əldə etdiyimiz əhəmiyyətli mövqelər bir daha təsdiq edir.
Tarixən regionun ən böyük xalqlarından biri olan azərbaycanlıların XX əsrdə məruz qaldıqları gözlənilməz hücumlar, beynəlxalq aləmin məsələyə birtərəfli münasibəti ədalətsizdir. Lakin Azərbaycanın sürətli inkişafı və güclənməsi fonunda aparılan ədalətli müharibəmizi anlayışla qarşılayan və haqq verənlərin sayı durmadan artmaqdadır. Qədim tarixin, ənənələrin birləşdirdiyi qardaş Türkiyə hökuməti və türk xalqının bu məsələdə bizimlə həmrəyliyi yüksək qiymətləndirilir. Pakistan, Əfqanıstan, Ukrayna və digər dost ölkələrin dəstəyi də olduqca dəyərlidir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın azad olması istiqamətində dəyişməz mövqeyi, atdığı inamlı addımlar, vətəndaşlara müraciətləri, beynəlxalq aləmlə apardığı danışıqlar hər bir azərbaycanlı tərəfindən diqqətlə izlənilir və alqışlanır. Sevindirici haldır ki, Azərbaycan cəmiyyətində Vətənin bütövlüyünün bərpa edilməsindən ibarət olan yeganə məqsəd uğrunda hər kəs qəti əzmlə öhdəsinə düşəni etməyə hazırdır. Bu əsl mənada həmrəylikdir.
Beynəlxalq aləmin münasibəti ziddiyətlidir. Bu, qismən məsələnin mahiyyətini bilməməkdən, düşmən tərəfin yaydığı dezinformasiyanı “həqiqət” kimi qəbul etməkdən irəli gəlirsə, çox təəssüf ki, qismən də onların tərəfini tutan, Dağlıq Qarabağdakı mövcud rejimin uzunmüddət saxlanılmasında maraqlı olan ölkələrin münasibəti ilə müəyyən olunur. BMT, ATƏT kimi beynəlxalq təşkilatların bəyənnamələrinə, Cenevrə Konvensiyasının tələblərinə riayət etməyən, işğal etdikləri torpaqlarda qanunsuz məskunlaşma siyasəti yürüdən erməni silahlı birləşmələrinin tərəfdarları gözləmədikləri vəziyyətlə üzləşiblər.
Müstəqilliyimiz tarixində bütün sahələrdə olduğu kimi elm sahəsində də beynəlxalq əlaqələrin inişafına böyük diqqət yetirilimişdir. Son 20 ildə Azərbaycan Milli Elmlər Akademiyasında elmin inkişaf strategiyasının əsas hədəflərindən biri dünya elminə inteqrasiya etməkdir. AMEA Botanika İnstitutunun əməkdaşlarının biomüxtəliflik üzrə apardıqları çoxsaylı tədqiqatlar, beynəlxalq layihələr çərçivəsində xarici həmkarlarla yaratdığı əməkdaşlıq və dostluq münasibətləri öz töhfəsini verir. Belə ki, ABŞ və aparıcı Avropa təşkilatları ilə imzalanmış memorandumlar və müqavilələr əsasında birgə tədqiqatların aparılması, gənc mütəxəssislərin yetişdirilməsi və əhəmiyyətli elmi nəticələrin işıq üzü görməsi ölkəmizi beynəlxalq miqyasda tanıdılması istiqamətində aparılan məqsədyönlü təbligat işlərinin tərkib hissəsidir.Beynəlxalq əməkdaşlıq və tədbirlər çərçivəsində ölkəmizə səfər etmiş xarici alimlər bu çətin günlərdə azərbaycanlı həmkarlarını dostcasına dəstəkləyirlər. Müxtəlif ölkələrdə yaşayan həmkarlarımız münaqişənin həqiqi mahiyyətini dərk etməyə çalışırlar. Bu çətin günlərdə Azərbaycan alimlərinin beynəlxalq aləmdə nail olduqları mövqelər öz töhfəsini verir. Hər bir elm adamının doğma torpaqlarımızın tezliklə işgaldan azad ediləcəyinə və sülhün bərqarar olacağına böyük inamı var. Prezidentimizə, ordumuza və xalqımıza olan bu inam sonsuzdur.
Qələbə bizimdir ! Qarabağ Azərbaycandır !
AMEA Botanika İnstitutunun
Mikologiya laboratoriyasının müdiri,
Biologiya elmləri doktoru Dilzarə Ağayeva