Arxiv
AMEA Botanika İnstitutu Qarabağ həqiqətləri ilə bağlı xarici təşkilatlara müraciət edib
30.10.2020

30 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti, akademik Validə Əlizadə beynəlxalq botanika birliyinə, dünyanın aparıcı Universitetləri, Botanika Bağları və digər beynəlxalq təşkilatlarında çalışan həmkarlarına yazılı müraciətlər ünvanlamışdır. Həmin müraciətlər Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Amerika, Almaniya, İtaliya, İngiltərə, Türkiyə, Pakistan, İsveç, İsveçrə, Avstriya, Yaponiya kimi müxtəlif ölkə qurumlarının Azərbaycanın botanikləri ilə birgə elmi əməkdaşlığı dəstəkləyən ümumilikdə 120 ünvana göndərilmişdir. Sözügedən müraciətlərdə ölkəmizin ədalətli mübarizəsi, bölgədəki mövcud vəziyyət və Ermənistanın müstəqil Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması tədbirləri öz əksini tapmışdır. Döyüş zonası miqyasının genişləndirilməsinin və digər ölkələrin cəlb edilməsinin təkcə bölgədə deyil, onun hüdudlarından kənarda da təhlükə yarada biləcəyi vurğulanmışdır.