AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) rəhbərliyinin iştirakı ilə AMEA Botanika İnstitutunun 2020-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn formatda hesabat iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri - Novruz Quliyev, İbrahim Əzizov, Pənah Muradov, b.e.d., prof. Ulduz Həşimova, b.e.d., dosent Vahid Fərzəliyev, a.e.ü.f.d. Ələddin Eyvazov və Botanika İnstitutunun Elmi şurasının üzvləri iştirak ediblər.
Akademik İradə Hüseynova iclası açıq elan edərək gündəlikdə olan məsələni diqqətə çatdırıb, AMEA Botanika İnstitutunun 2020-cı il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzəsini təqdim etmək üçün sözü institutun direktoru akademik Validə Əlizadəyə verib.
Akademik V.Əlizadə öncə 2020-ci ilin Azərbaycan xalqı üçün qürurverici tarixi hadisə ilə yadda qaldığını qeyd edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında vətənimizin erməni işğalçılarına qarşı Qarabağ müharibəsində şanlı qələbəsinin Azərbaycan tarixinə yeni qızıl səhifələr əlavə etdiyini vurğulayıb. Sonra Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası ilə əlaqədar tapşırıqların yerınə yetirilməsi haqqında məlumat verib. Daha sonra direktor institutun elmi-tədqiqat işlərinin mövzu planına müvafiq 2 istiqamətə uyğun 2 problem çərçivəsində 11 mövzunu əhatə edən 17 işin 50 mərhələsi üzrə elmi tədqiqat işlərinin yerinə yetirildiyini və cari ildə bütün mövzuların tamamlandığını qeyd edərək, şöbə və laboratoriyalarda il ərzində əldə olunmuş ən mühüm nəticələri təqdim edib.
Məruzəçi nəşriyyat fəaliyyətini diqqətə çatdıraraq, hesabat ilində institut üzrə dərc edilmiş 101 elmi əsərin 1 kitab, 3 kitab fəsli (2-si "Springer" nəşriyyatında olmaqla hər 3-ü xaricdə), 66 məqalə (43-ü xaricdə) 31 tezisdən (6-sı xaricdə) ibarət olduğunu, o cümlədən nüfuzlu elmi dərgilərdə işıq üzü görmüş 20 məqalədən 14-nün "Web of Science", 4-nün "Scopus", 1-nin "Copernicus" indeksli olduğunu qeyd edib və cari ildə əməkdaşların əsərlərinə 351 (Google Scholar) istinad edildiyini bildirib.
Akademik Validə Əlizadə eləcə də kadr hazırlığı, magistratura, doktorantura və dissertantura təhsili, ali məktəblərlə əlaqələr, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyətindən, habelə beynəlxalq əlaqələr, layihələr üzrə işlərdən, xarici ölkələrə elmi səfərlərdən, yerli və beynəlxalq səviyyəli konfrans və digər tədbirlərdən ətraflı şəkildə bəhs edib. O, cari ildə mövcud pandemiya problemi ilə əlaqədar həmin tədbirlərdə onlayn iştirak edildiyini və əsasən gənc əməkdaşların çoxsaylı sertifikatlara layiq görüldüklərini də iclas iştirakçılarının diqqətinə çatdırıb.
Məruzəçi sonda institutun dayaq məntəqələrində aparılmış işlər, maddi-texniki təchizat və sosial məsələlərlə bağlı müvafiq məlumatları təqdim edib.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçiyə ünvanlanan suallar ətraflı cavablandırılıb. Akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri - Novruz Quliyev, İbrahim Əzizov, Pənah Muradov, b.e.d., prof. Ulduz Həşimova, b.e.d., dosent Vahid Fərzəliyev, a.e.ü.f.d. Ələddin Eyvazov və başqaları çıxış edərək Botanika İnstitutunun hesabatının qənaətbəxş olduğunu və qəbul edilməsini təklif ediblər.
Sonda akademik İradə Hüseynova institutun fəaliyyətini müsbət qiymətləndirdiyini, onun çoxillik tarixə malik olduğunu və hazırda sərbəst olaraq fəaliyyət göstərən bir neçə elmi qurumun məhz Botanika İnstitutundan qaynaqlandığını vurğulayıb. O, akademik Validə Əlizadəyə institutda eksperimental sahədə işlərə diqqətin artırılmasını, kadr potensialının gücləndirilməsini tövsiyə edərək, Botanika İnstitutunun məhsuldar elmi-təşkilati fəaliyyətinə görə öz təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.