AMEA Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) və Qazaxıstan Respublikası tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş Əl-Farabi Qlobal Forumunda iştirak etmişdir. İki günlük konfrans, böyük mütəfəkkir, müsəlman filosofu Əbu Nəsr Əl-Fərabinin 1150 illiyi şərəfinə təşkil edilmişdir. Tədbirdə Əl-Farabinin dünya elminə çoxölçülü töhfələri, əsərlərinin dünya mədəniyyətinə və gələcək intellektual mühitə təsiri, eyni zamanda müasir dövr üçün aktuallığı müzakirə edilmişdir. İclasda Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, COMSTECH-in direktoru Məhəmməd İqbal Çaudari, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Oksford Universitetinin professoru Fərhan Nizami, Münhen Universitetinin professoru Peter Adams və bir çox nüfuzlu alimlər iştirak etmişdir. Ümumilikdə təşkil ounmuş iclasa Pakistan, İngiltərə, Qazaxıstan, Azərbaycan, Kamerun, Nepal, Somali və Sudandan 120-dən çox alim qatılmışdır. Əl-Farabi Qlobal Forumun sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. İqbal Çaudari və Qazaxıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Akan Rəhmatullin tərəfindən sertifikata layiq görülmüşdür.