Arxiv
AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib
30.12.2020

Dekabrın 30-da AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd AMEA-nın magistraturasinda tədris prosesinin təşkili, qış imtahan sessiyası və növbəti yaz semestrinə hazırlıq işləri, həmçinin doktoranturaya qəbul və doktorluq imtahanları ilə bağlı məsələlərin müzakirəsi olub.

İclasda Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, Doktorantura və dissertantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov və Magistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iştirak ediblər.

Onlayn iclası idarənin rəisi F.Kazımov açaraq tədbir iştirakçılarını 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə  təbrik edib. O, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş Kərimulla Məmmədzadəni iclas iştirakçılarına təqdim edib.

F.Kazımov AMEA-da təhsil prosesinin cari vəziyyəti ilə bağlı bir sıra məsələləri, xüsusilə tədris proqramlarının, təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu, bu istiqamətdə mövcud olan çatışmazlıqlar və onların aradan qaldırılmasına dair təklif və tövsiyələrini iclas iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra idarə rəisi “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” AMEA prezidentinin sərəncamından irəli gələn məsələlərin təlimat və qaydalara uyğun şəkildə həyata keçirilməsini və verilən tapşırıqların vaxtında icra olunmasını tövsiyə edib.

İclasda çıxış edən idarənin rəis müavini H.Hüseynov mövcud pandemiya dövrü ilə əlaqədar olaraq tədris və imtahanların təşkili məsələsində ortaya çıxmış problemlərdən danışıb və onların mövcud şəraitə uyğun optimal həlli yolları ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Magistratura şöbəsinin müdiri K.Məmmədzadə tədris prosesi, imtahanların təşkili, təhsildə daha səmərəli nəticələrin əldə olunması, bununla əlaqədar mövcud vəziyyəti dəyərləndirərək alternativ vasitələrdən istifadə etməklə problemlərin həlli məsələləri ilə bağlı fikirlərini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Doktorantura və dissertantura şöbəsinin müdiri Ö.Gülalov 2020-ci il üçün AMEA-nın doktorantura və dissertanturasına sənəd qəbulunun uğurla yekunlaşdığını deyib və bununla bağlı növbəti mərhələdə həyata keçiriləcək işlər, həmçinin doktorluq imtahanları ilə əlaqəli bir sıra vacib məqamlar haqqında məlumat verib.

Görüşün sonunda növbəti tədris ili və qış imtahan sessiyasına dair məsələlər müzakirə olunub, Təhsil şöbələrinin müdirlərinin ünvanladıqları suallar idarənin əməkdaşları tərəfindən cavablandırılıb.