Arxiv
MBBİ-nin kollektivinin böyük əksəriyyətini gənclər təşkil edir
03.02.2021

Fevralın 2-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Azərbaycan Gəncləri Gününə həsr olunan onlayn tədbir keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova tədbiri açaraq gəncləri təbrik edib. Bildirib ki, əlamətdar gün ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və ölkəmizdə dövlət gənclər siyasətinin əsası ümummilli lider tərəfindən qoyulub. Akademik qeyd edib ki, 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılıb, 1997-ci ildən isə Prezidentin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb.

Bu gün Prezident İlham Əliyevin əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasətini uğurla davam etdirdiyini deyən akademik hazırda ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini diqqətə çatdırıb.

"Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, elmin, təhsilin inkişafında, ölkəmizin siyasi və iqtisadi yüksəlişində gənclərin rolu böyükdür. Ötən il bizim üçün həm çox çətin, həm də sevincli, unudulmaz, fərəhli bir il olub. Bu gün biz Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə gənclərimizin rolunu xatırlamaya bilmərik. Allahdan bütün şəhidlərimizə rəhmət və yaralı qazilərimizə şəfa diləyirik. Azərbaycan gəncliyi sübut etdi ki, o, ölkə quruculuğunda,respublikamızın iqtisadiyatı, elmi və mədəniyyətinin inkişafında fəal olmaqla yanaşı, lazım gəldikdə əlinə silah götürüb canı bahasına vətənini müdafiə etməyə də hazırdır", - deyə akademik vurğulayıb.

İ.Hüseynova qeyd edib ki, MBBİ-nin kollektivinin böyük əksəriyyətini gənclər təşkil edir və bizim vəzifəmiz onların yüksək səviyyədə inkişaf etməsinə nail olmaqdır. Onun sözlərinə görə, gənc mütəxəssislər həm yerli, həm də beynəlxalq konfranslarda fəal iştirak edir, elmi işlərinin nəticələri nüfuzlu jurnallarda işıq üzü görür: "İnstitutumuzun magistraturasının məzunları Oksford, Monpelye, İstanbul universitetlərində təhsillərini davam etdirir".

Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, professor Səyyarə İbadullayeva, Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova və Gənc Alim və Mütəxəssislər Surasının sədri Ulduzə Qurbanova çıxış edərək gəncləri təbrik ediblər. Gənclər adından çıxış edən Afət Mustafazadə, Aynurə Paşayeva, Nərgiz Bayramova, Aytac Mürşüdzadə, Nigar İsmayılova, Nigar Hacıyeva, Rəfiqə Məsməliyeva, Elvin Qasımov və digərləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bilidiriblər.

Tədbirin sonunda elmi uğurlarına və institutun ictimai həyatındakı fəallıqlarına görə bir qrup gəncə MBBİ-nin rəhbərliyi və Həmkarlar Təşkilatı tərəfindən sertifikatlar və pul mükafatları təqdim olunub. İlin magistrantı nominasiyası üzrə Aytac Mürşüdzadə, ilin gənci kimi Gülmirə Əlibəyova və Əsmər Hüseynova seçilib. İlin gənc tədqiqatçısı kimi 3-cü yerə Leyla Xəlilova və Səbinə Ömərova, 2-ci yerə Aynurə Paşayeva və Nərgiz Bayramova, 1-ci yerə isə Rəfiqə Məsməliyeva layiq görülüb.

Tədbir qeyri-rəsmi hissə ilə davam etdirilib.