Arxiv
AMEA-da işçilərin attestasiyasının keçirilməsinə həsr olunan seminar-məşğələ keçirilib
03.02.2021

AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsinə metodiki köməkliyin göstərilməsi üçün AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin təşkilatçılığı ilə onlayn seminar-məşğələ keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatların direktorları, eləcə də kadrlar şöbələrinin müdirləri iştirak ediblər.

Seminarı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev açaraq AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin salamlarını tədbir iştirakçılarına çatdırıb, bu gün ölkəmizdə geniş iqtisadi-siyasi, mədəni, o cümlədən elmi islahatların həyata keçirildiyini bildirib. AMEA-nın ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən ali qurum olduğunu deyən R.Əliquliyev vurğulayıb ki, bu gün alimlərimizin apardığı tədqiqatlar prioritet istiqamətləri əhatə etməklə Azərbaycan dövlətinin maraqlarına xidmət etməli, eləcə də hazırda dünyada gedən çağırışlara cavab verməlidir.

Akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyət planlarının, o cümlədən stukturlarının yeniləndiyini, nəticədə işçilərin attestasiyasının keçirilməsinə ehtiyac yarandığını söyləyib. Diqqətə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsi qərara alınıb. Onun sözlərinə görə, attestasiya zamanı insan resurslarına və onların qarşısına qoyulan vəzifələrə yenidən baxılmalı, potensialları aşkarlanmalı, qabiliyyətləri ön plana çəkilməlidir. Attestasiyanın keçirilməsində əsas məqsədin cəmiyyətdə aparılan islahatlara akademiyanın dəstəyini ifadə etmək olduğunu deyən R.Əliquliyev bu prosesdə elmi müəssisə və alimlərin yaxından iştirakının vacibliyini vurğulayıb.

O, seminarın attestasiya öncəsi elmi müəssisə və təşkilatların rəhbərlərini normativ-hüquqi sənədlərlə tanış etmək məqsədilə təşkil olunduğunu, həmçinin onlayn məşğələnin mütəmadi keçiriləcəyini söyləyib.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə ilkin olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin attestasiyasının keçirilməsinin qərara alındığını bildirib. Qeyd edib ki, sözügedən qərara əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarında işləyən işçilərin peşəkarlıq səviyyəsi yoxlanılmalı, ixtisasının tutduğu vəzifəyə uyğunluğu, həmçinin işinin səmərəliliyi müəyyən edilməlidir. R.Ağasiyevin sözlərinə görə, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” və Əmək Məcəlləsinin 65-67-ci maddələrinin tələblərinə əsasən, elmi müəssisə və təşkilatlarda attestasiya komissiyası yaradılmalıdır.

Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərini diqqətə çatdıran R.Ağasiyev vurğulayıb ki, işəgötürənin əmri ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır: “İşəgötürən attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə suallar verilə bilər. Attestasiya komissiyasının işi obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir”.

R.Ağasiyev Əmək Məcəlləsinə əsasən, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilərin, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş əməkdaşların, bir vəzifədə faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin, hamilə və sosial məzuniyyətdə olan qadınların attestasiyasının keçirilmədiyini söyləyib. Elmi müəssisə və təşkilatlarda işləyən işçilərin hər üç ildən, elmi işçilərin isə beş ildən bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə biləcəyini diqqətə çatdırıb.

İdarə rəisi bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan işçilərin işlədiyi müddət nəzərə alınmaqla, onların siyahısı tutulmalı, müvafiq məlumatlar verilməli, attestasiya vərəqi və qrafiki tərtib olunmalı, xüsusi karantin rejiminin qaydalarına əməl etməklə attestasiyanın keçirilməsinə başlanılmalıdır.

Daha sonra mövzu ətrafında suallar səsləndirilib, müzakirələr aparılıb, çıxışlar dinlənilib.