AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Yığıncağı AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Xanımların tarixən ölkəmizdə yüksək dəyər, hörmət gördüyünü deyən professor Şərqdə qadınlara seçki hüququnun ilk dəfə məhz Azərbaycanda verildiyini söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan qadını tarixi ənənələrə sadiq qalaraq cəmiyyətimizin inkişafında aktiv rol oynayır, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə fəal iştirak edir.
Habil Qurbanov, həmçinin AMEA-da çalışan qadınların mühüm tədqiqatları ilə Azərbaycan elminin inkişafına öz töhfələrini verdiklərini söyləyib.
O, daha sonra AMEA-nın elmi və ictimai həyatında fəal iştirak edən qadınlara Azad Həmkarlar İttifaqının Fəxri fərmanını təqdim edib.