Arxiv
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib
09.03.2021

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Elmi şuranın sədri, institutun direktoru, akademik İradə Hüseynova iclası açaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə institutun bütün qadın kollektivini təbrik edib. Müəssisənin elmi və ictimai həyatında qadın əməkdaşların önəmli rolundan söz açan akademik bildirib ki, institutun əməkdaşlarının əsas hissəsini qadınlar təşkil edir. O bildirib ki, AMEA Qadınlar şurasının “8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisələrdə öz elmi-ictimai fəaliyyəti ilə seçilən qadın əməkdaşların AMEA-nın təltifinə təqdim edilməsi haqqında” müraciətinə əsasən institutun iki əməkdaşı – biologiya üzrə fəlsəfə doktorları Fazilə Qasımova və Samirə Rüstəmova əlamətdar gün münasibətilə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunublar.

Sonra gündəlikdə duran digər məsələlər - elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyasının nəticələri, 2021-ci ildə yerinə yetiriləcək elmi tədqiqat işləri və fərdi iş planları, Hesablama struktur biologiyası laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın dissertasiya işinin müdafiəsinin təşkili məqsədilə 2424.01– “Riyazi biologiya, bioinformatika” ixtisası üzrə birdəfəlik Dissertasiya şurasının yaradılması haqqında AAK-ya müraciət edilməsi, Bionanotexnologiya laboratoriyasının böyük laborantı Fədinə Kuryayevanın ”Döş xərçəngi hüceyrə xətlərində IRE1-RNT-aza domeni ilə tənzimlənən miRNT-lərin axtarışı” mövzusunda tədqiqatlarda iştirak etmək məqsədilə Ankara Yüksək İxtisas Universitetinə dəvət edilməsi və digər məsələlər ətraflı müzakirə olunaraq müvafiq qərarlar verilib.