Arxiv
Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib
17.03.2021

Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. 

Qeyd edək ki, XXI əsr botaniklər kateqoriyasına yeganə azərbaycanlı botanik kimi daxil edilmiş alim 400-ə qədər elmi əsərin, 16 kitabın, 60-dan çox proqram və metodik göstərişin, 13 müəlliflik şəhadətnaməsinin, 1 patentin, 17 kitabın elmi redaktorudur. Bunlarla yanaşı, alim Azərbaycanın botaniki-coğrafi rayonlarının ekoloji-geobotaniki (13 xəritə) xəritəsini tərtib edib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və Aqrar Elmlər üzrə Ekspert Şurasının eksperti seçilib, 2020-ci ildən isə sədr müavini vəzifəsində çalışır. 2016-cı ildən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvüdür.

Vətənpərvər alimin hazırda botanika sahəsindəki qayğılarından biri də erməni vandalları tərəfindən 30 ilə yaxın ekoloji terrora məruz qalmış Qarabağ florasının və biomüxtəlifliyinin əsaslı şəkildə öyrənilməsi, məhv olmaqda olan növlərin qorunub saxlanılmasına dair tədbirlər planın hazırlanmasına yönəlib.