AMEA Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib.
Onlayn şəraitdə baş tutan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutun direktoru, akademik Validə Əlizadə tədbirdə çıxış edərək deyib ki, erməni millətçilərinin müxtəlif dövrlərdə fərqli formalarda xalqımıza qarşı apardığı ardıcıl soyqırımı və etnik təmizləmə nəticəsində minlərlə insan məhv edilib, evindən-obasından didərgin salınıbdır. Rəsmi məlumatlara əsasən, 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda ümumilikdə əlli minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qətliamlar eynilə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər ərazilərdə də həyata keçirilib. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq abidəsi sayılan binaları yerlə-yeksan edib. Qeyd edib ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyevin diqqəti sayəsində 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxıb, Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub.
Tədbirdə çıxış edən elmi işlər uzrə direktor müavini, professor Eldar Novruzov, b.e.d. Dilzarə Ağayeva, b.ü.f.d. Pərvanə Qaraxani, doktorant Aida İbrahimova və digərləri öz çıxışlarında mart soyqırımını Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri kimi qiymətləndirərək indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.