Arxiv
AMEA-nın gənc alimi ABŞ-da tədqiqatlar aparır
05.04.2021

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm gününə həsr olunan tədbirlər çərçivəsində müəssisənin böyük elmi işçisi, hazırda ABŞ-ın Buffalo Universitetinin Jacobs School of Medicine and Biomedical Sciences elmi mərkəzində postdoktorantura tədqiqatçı kimi çalışan biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynovla onlayn formatda görüş keçirilib.

Tədbirdə Fiziologiya İnstitutunun əməkdaşları ilə yanaşı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu və digər təşkilatların əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Şövqi Hüseynov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt Proqramının 2020-ci il müsabiqəsinin qalibi kimi Buffalo Universitetində “Narkotik asılılığın molekulyar mexanizmlərinin və yeni müalicə yollarının araşdırılması” mövzusunda tədqiqat aparır.

Gənc alim görüş iştirakçıları ilə onu Amerikaya gətirib çıxaran Fulbrayt Proqramı üzrə müsabiqədə iştirakı, Nyu-York Dövlət Universitetlərinin (SUNY) tərkibinə daxil olan Buffalo Universitetinin tarixi, burada tibb və biotibb elmləri sahələrində aparılan müasir tədqiqatlar haqqında öz təəssüratlarını bölüşüb, tədqiqatlarının ilkin nəticələrini diqqətə çatdırıb, sualları cavablandırıb.