Arxiv
“Xarıbülbül” mövzusunda foto və əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilib
16.04.2021

AMEA-nın Dendrologiya İnstitutunda 27 Mart Elm Günü və Vətən müharibəsində qazanılmış şanlı qələbəyə həsr olunan “Xarıbülbül” mövzusunda foto və əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilib.

Müsabiqə AMEA-nın Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə karantin qaydalarına riayət etməklə baş tutub.

Müsabiqənin təşkil edilməsində məqsəd Vətən müharibəsində Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaəti gənc rəssamların gözü ilə hər kəsə çatdırmaq olub. Müsabiqənin ana xəttini gənclərdə vətənə məhəbbət hisslərinin gücləndirmək, vətən torpağının təbiətini, səfalı yaylaqlarını və meşələrini təsvir etmək olub. Tədbirdə könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak ediblər. Seçim zamanı əl işlərinə kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi və ideyası əsas götürülüb.

Müsabiqənin yekun mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, gənclərin asudə vaxtlarında intellektual səviyyələrini inkişaf etdirmək üçün bu cür müsabiqələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova isə müsabiqənin uşaqların və gənclərin inkişafında, onlarda ekoloji mədəniyyətin formalaşmasında, vətənə, elmə, təbiətə maraq yaratmasında önəminə toxunub.

Tədbirdə, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini Xəzər Zeynalov çıxış edərək uşaqların və gənclərin yaradıcılığa cəlb edilməsi, onlarda vətənə məhəbbət hisslərinin aşılanması, intellektual biliklərinin artırılması, dünyagörüşlərinin formalaşmasında belə maarifləndirici tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirib.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə bu cür tədbirlərin mütəmadi keçiriləcəyini söyləyib: “Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsindəki həmrəylik və birliyimizi qorumaq, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızı tərənnüm etməkdə gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə belə tədbirlər daim keçiriləcək”.

Çıxışlardan sonra müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb, ilk üç yerin qalibinə diplomla bərabər pul mükafatları təqdim olunub.

Qeyd edək ki, müsabiqəyə Gəncə, Qazax, Şəki, Xaçmaz və Lənkəranda yerləşən orta təhsil müəssisələrindən 25, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından isə 5 olmaqla, ümumilikdə 354 rəsm əsəri, 30 əl işi təqdim edilib.