AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Gülbəniz Qasımova və Səbinə Bünyatova herpetofaunanın tədqiqi məqsədilə Lənkəran və Yardımlı rayonlarında, həmçinin ətraf ərazilərdə ekspedisiyada olublar.
Ekspedisiya zamanı elmi-tədqiqat planına uyğun olaraq çöl tədqiqatları aparılıb. Tədqiqatçılar tərəfindən sözügedən ərazilərdə çoxsaylı növlərlə yanaşı, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir növlərdən olan Talış quru qurbağası (Bufo eichwaldi), Karelin tritonu (Triturus karelinii) və zolaqlı çılpaqgözün (Ablepharus bivittatus) yeni yayılma sahələri aşkar edilib, fotoşəkilləri çəkilib. Rast gəlinən növlərin reproduktivlik xüsusiyyətləri tədqiq olunub, biotopları təsvir edilib, onların beynəlxalq kateqoriya və kriteriyalara uyğun qorunma statusları müəyyənləşdirilib.