M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya Fakültəsinin professoru, b.e.d. Aleksandr Sergeyeviç Zernov və AMEA Botanika İnstitutu Herbari şöbəsinin elmi işçisi Şəhla Mirzəyevanın həmmüəllifliyi ilə Azərbaycanın Abşeron yarımadasında aparılan floristik tədqiqatların nəticələrinə həsr olunmuş “Abşeron florasının məlumat siyahısı” adlı kitab nəşr olunub. Kitabda ərazi araşdırmaları, herbari materialları və ədəbiyyat məlumatlarının öyrənilməsi əsasında Abşeron yarımadasının ərazisi üçün növ müxtəlifliyinin mövcud vəziyyəti əks etdirilir. Kitabda bu günə qədər müəyyən edilmiş yerli flora və gətirilmə növlərin 676 növünün yayılması və fitosenotik məhdudlaşdırılması barədə məlumat verilir, bəzi mədəniləşdirilmiş bitkilər də siyahıya salınmış və taksonomik şərhlər verilmişdir. Həmçinin, geniş yayılmış evriotip növlərin Abşeron üzrə coğrafi paylanması, eləcə də, bir çox növlər üçün dəqiq yayılma yerləri və herbari akronimləri göstərilir.
Kitab botaniklər, coğrafiyaçılar, təbiət elmləri fakültələrinin mütəxəssis və tələbələri, təbiəti qoruma sistemi işçiləri, həvəskar təbiətşünaslar üçün nəzərdə tutulub.