AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin təşkilatçılığı ilə akademiyanın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri ilə onlayn görüş keçirilib.
Akademiyanın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov, şöbənin Doktorantura sektorunun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadə və Magistratura sektorunun müdiri Ramin Həsənovun da iştirak etdiyi görüşdə məqsəd AMEA-da doktorantura və magistraturanın cari vəziyyətinin müzakirəsi, tədrisin təşkili ilə bağlı AMEA prezidentinin sərəncamlarının və Rəyasət Heyətinin qərarlarının icrasının təmin edilməsi, eləcə də bununla bağlı meydana gələn məsələlərin həlli yollarının müzakirəsi olub.
İclası Q.Dəmirov açaraq Nazirlər Kabinetinin 159 nömrəli Qərarı, eləcə də Dövlət İmtahan Mərkəzinin doktorantura və dissertanturada xarici dil üzrə minimum və qəbul imtahanlarının elanı ilə bağlı geniş məlumat verib. Həmçinin AMEA-nın müəssisələrində yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin uğurla davam etdiyini vurğulayıb.
Doktorantura sektorunun müdiri T.Qasımzadə AMEA-nın elmi müəssisələrində ixtisas və fərq imtahanlarının 2021-ci ilin 22 iyun-22 iyul tarixlərində, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yeni tələblərinə uyğun olaraq bilet üsulu ilə həyata keçiriləcəyindən, habelə mövcud proqramlara əsasən biletlərin hazırlanmasından danışıb.
Daha sonra Magistratura sektorunun müdiri R.Həsənov AMEA prezidentinin 17 may 2021-ci il tarixli sərəncamına əsasən, pandemiya şəraitində magistrantların yay imtahan sessiyasının, eləcə də magistrlik dissertasiyalarının müdafiəsinin təşkili istiqamətində görülən işlərdən, növbəti qəbul prosesinə hazırlıqdan söz açıb. Bundan əlavə, 2021/2022-ci tədris ili üzrə AMEA-nın magistraturasına yeni qəbulla bağlı yarana biləcək sualların cavablandırılması üçün pandemiya şəraitinə uyğun olaraq sosial məsafə gözlənilməklə AMEA-nın elmi müəssisələrində “Açıq qapı” gününün təşkil edilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda cari tədris prosesinə dair məsələlər geniş müzakirə olunaraq verilmiş suallar AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin nümayəndələri tərəfindən cavablandırılıb.