AMEA-nın Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları, b.e.d., professor Əliyar İbrahimov və b.e.d., dosent Fatmaxanım Nəbiyeva Yasamal-Lökbatan-Qobu-Səngəçal ərazilərində ekspedisiyada olublar.
Ekspedisiya zamanı Qobuda Anasieta, Astragaleta, Səngəçalda Astragaleta, Convolvuleta, Globularieta formasiyaları, onların tərkib və senotik quruluşu tədqiq olunub. Ən başlıca yeniliklərdən biri Səngəçalda Bağlar qəsəbəsində Cuzğun cinsinin ilk dəfə 3 növünün 49 ədəd yaşlı və cavan nüsxələrinin olduğu sahələri aşkar olunub. Bu nadir bitkilərin ekoloji mühiti, bitdiyi yerlərin müasir vəziyyəti öyrənilib. Tapdanaraq yerə sərilmiş, qurumaq üzrə olan 2 cuzğun ağacı gətirilərək əkilib.
Hazırda Abşeron ərazisindən toplanılan bitki növləri təyin edilir, fitosenoloji və faydalı xüsusiyyətləri öyrənilir, sistematik vəziyyəti müəyyənləşdirilir, sistematik icmalı və taksonomik spektri tərtib olunur. Bitkilərini yayılma areallarını, bitki birliklərinin müxtəlifliyini, fitosenozların müasir növ tərkibini, quruluşunu, eyni zamanda yeniliklərini öyrənmək üçün tədqiqatlar davam edir, həmçinin tədqiqatların nəticələrinə aid 8-10 məqalə işlənib.
Ekspedisiya zamanı bitkilərin 560 foto-şəkilləri, video görüntüləri (Təsdiqedici flora elementləri, fitosenozlar, yeni elmi material və məlumatlar) çəkilib.