AMEA Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Cabbar qızı Xəlilova yeni yubiley tarixinə qədəm qoymuşdur. O, 35 ildən çox müddətdir ki, АМЕА Botanika İnstitutunda işləyir. Bu illər ərzində baş laborant (1985-1989), kiçik elmi işçi (1989-1997), elmi işçi (1997-2000) vəzifələrində çalışmışdır. 2000-ci ildən hazırkı dövrədək АМЕА Botanika İnstitutunun elmi katibidir.
X.C.Xəlilova İnstitutun elmi katibi kimi məsuliyyətli vəzifəni yerinə yetirməklə bərabər 2010-2016-cı illərdə İnstitutun struktur bölməsinə aid “Bitkilərin davamlılığı” laboratoriyasının ictimai əsaslarla müdiri olaraq, abiotik stres amillərinə qarşı bitkilərin fizioloji xüsusiyyətlərinin öyrənilməsinə və onların davamlılıq xassələrinin yüksəldilməsi tədbirlərinin işlənilib hazırlanmasına həsr olunmuş elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir.
O, yerli və beynəlxalq səviyyəli dərgilərdə və bir sıra konfrans, simpoziumların materiallarında öz əksini tapmış 100-ə yaxın elmi əsərin, o cümlədən 1 patentin müəllifi, bir neçə kitab və bukletlərin tərtibçisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun 1-ci Qrant müsabiqəsi üzrə “Biomüxtəlifliyin qorunması: Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növlərinin statusunun qiymətləndirilməsi” adlı layihəsinin (01 mart 2011 - 01 mart 2012) işirakçısı və icraçısı olmuşdur. X.C.Xəlilova həmçinin Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin və Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun dəstəyi ilə reallaşdırılan bir çox layihələrdə iştirak edərək, «Step by Step» (İSSA) Beynəlxalq Assosiasiyası tərəfindən təqdim olunmuş və qabaqcıl ölkələrin müasir təhsil təcrübəsini özündə birləşdirən dərslikləri, müxtəlif vəsaitləri azərbaycan dilinə tərcümə və redaktə etmişdir. Onların bir çoxu “Maarif” və digər nəşriyyatlarda dərc olunmuşdur.
2009-2010-cu illərdə X.C.Xəlilova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrüfatı elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə AMEA Botanika İnstitutu nəzdində fəaliyyət göstərmiş AMEA-nın Botanika İnstitutu və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun D.01.061 Birləşdirilmiş Dissertasiya Şurasının elmi katibi olmuş, 2019-cu ildən Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya Şurasının 2432.01 - Bioloji ehtiyatlar ixtisası üzrə Elmi Seminarın elmi katibidir.
X.C.Xəlilova “Botanika İnstitutunun Elmi Əsərləri” coxcildliyinin redaksiya heyətinin üzvü (2007-2019-cu illər),“Azərbaycan Botaniklər Cəmiyyətinin Elmi Əsərləri” jurnalının redaksiya heyətinin üzvü (2010-cu ildən), “Azerbaijan Journal of Botany” jurnalının https://www.botanysociety.az redaksiya heyətinin üzvüdür (2020-ci ildən). O, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Bitki Fizioloqları Cəmiyyəti və AMEA Molekulyar Biologiya və Biokimyaçılar Cəmiyyətinin üzvüdür.
2005-ci ildə AMEA-nın 60-illiyi münasibətilə o, Azərbaycan Мilli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanına, 2016-cı ildə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanına layiq görülmüşdür.
Xuraman Cabbar qızı Xəlilovanın məhsuldar elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq, onun yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi barədə müdiriyyət tərəfindən AMEA Biologiya və Tibb Elmləri Bölməsi qarşısında vəsatət qaldırılmışdır.
Botanika İnstitunun kollektivi adindan yubliyarı təbrik edir ona gələcək fəaliyyətində uğurlar arzu edirik!