Yeni növ koronavirus peyvəndinin kəşfi ilə əlaqədar olaraq, “BioNTech”in qurucuları - Uğur Şahin və həyat yoldaşı Özləm Türəci də daxil olmaqla bir qrup alim İspaniyanın ən prestijli mükafatı kimi tanınan “Asturias Şahzadəsi Mükafatı”na layiq görülüblər.
1980-ci ildə təsis edilən və 8 kateqoriyada verilən mükafat Cuan Miro heykəlciyi, diplom, nişan və 50 min avro məbləğində pul olmaqla sahiblərinə təqdim edilir.
“Onların işləri qlobal miqyasda sağlamlığı qorumaq üçün fundamental elmin əhəmiyyətini bildirən ən mükəmməl nümunədir. Onlar uzun illərə söykənən təcrübələri sayəsində və tədqiqatları nəticəsində COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə təsirli peyvəndlər yaradaraq yeniliyin öncülləri oldular. Kəşfləri həm yeni bir texnologiya, həm də digər xəstəliklərə qarşı mübarizə üçün ümid yolu açdı”, – deyə münsiflər heyəti açıqlayıb.
Elm insanlıq üçün
““Asturias Şahzadəsi Mükafatı” elmin insanlıq üçün bir fərq yarada biləcəyini ən mükəmməl şəkildə qiymətləndirmək baxımından əhəmiyyətlidir. Ümid edirəm araşdırmalarımızın nəticələri epidemiyaya qarşı mübarizədə hələ çox insana kömək edəcək”, – deyə Uğur Şahin söyləyib.
““Asturias Şahzadəsi Mükafatı”na layiq görülənlər sırasında olmağım mənim üçün fəxrdir. Elmin əsas məqsədinin həyatı yaxşılaşdırmaq olduğunu təcəssüm etdirən bu mükafatla dəyərləndirilməyimdən çox qürur duyuram”, – deyə Özləm Türəci bildirib.
“Asturias Şahzadəsi Mükafatı”nın təqdimetmə mərasimləri ənənəvi olaraq hər il oktyabr ayında Asturias bölgəsindəki Oviedo şəhərində, Kampoamor Teatrında keçirilir.