Arxiv
Şəhid kapitan Mühüd Orucova həsr edilən tədbir keçirilib
29.06.2021

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurası, “Arxeo Klub” və “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun dəstəyilə “Mənim atam qəhrəmandır” adlı tədbir keçirilib.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan kapitan Mühüd Orucova həsr edilmiş tədbirdə şəhidin həyat yoldaşı Qumru Orucova, övladları Anar və Vuqar Orucovlar, eləcə də H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri iştirak ediblər.

Əvvəlcə vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Arxeo klubu”nun rəhbəri Esmira Rəhimova tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığından danışıb.

“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova isə Aprel şəhidimizin həyatından, keçdiyi döyüş yolundan söz açıb. Qeyd edib ki, Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, ölkə başçısının Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Ordumuzun əldə etdiyi tarixi zəfərdən danışan H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseyin tarix müəllimi Sevil Nəsibova torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov çıxış edərək qəhrəmanlarımızın həyat yollarının şagirdlər üçün hər zaman örnək olacağına və məktəblilərin ölkəmizə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edib.

Sonda Mühüd Orucova həsr edilmiş slayd nümayiş olunub.