Arxiv
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 6-cı iclası keçirilib
05.07.2021

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 6-cı iclası şuranın Tibb seksiyası ilə birgə keçirilib.

Problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün tibb üzrə 10 işin müzakirəyə çıxarıldığını bildirib. Tibb seksiyasının elmi katibi, tibb elmləri doktoru, dosent Rasim Cəfərli dissertasiya mövzularını təqdim edib.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə AMEA-nın müxbir üzvləri Nuru Bayramov, İlham Şahmuradov, tibb elmləri doktoru, professor Eldar Qasımov, biologiya elmləri doktorları Aydın Əsgərov, Yaşar Feyziyev, Səyyarə İbadullayeva, Elman İsgəndər, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov və başqaları iştirak ediblər.

Tibb seksiyasının üzvləri – AR Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Nizami Bağırov, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Valeh Mirzəzadə, Azərbaycan Tibb Universitetinin əməkdaşları - tibb elmləri doktoru Şəymən Qədimova, tibb elmləri doktoru, professor Emma Ağayeva, kafedra müdiri, tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov, assistent, tibb üzrə fəlsəfə doktoru Rüfət Hüseynli, tibb elmləri doktoru, professor Balakişi Hüseynov və başqaları çıxış edərək tibb üzrə müzakirə edilən mövzulara öz münasibətlərini bildiriblər.

Müzakirələrin gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar “Zoom” proqramı üzərindən iclasa qoşulublar.

Tibb üzrə müzakirəyə çıxarılmış 9 mövzu müsbət qiymətləndirilərək (bəzi mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub, 1 iş təkrar baxılmaq üçün geri qaytarılıb.