Arxiv
İdarələrarası Mərkəzin “Ekoloji məsələlər üzrə” və “Enerji təminatı məsələləri üzrə” işçi qruplarının Ağdam şəhərində keçirilmiş iclasında AMEA da təmsil olunub
08.07.2021

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər və Enerji təminatı məsələləri üzrə işçi qruplarının 6 iyul 2021-ci il tarixində Ağdam şəhərində keçirilmiş birgə görüşündə Ekoloji məsələlər üzrə işçi qrupunun Akademiyadan olan üzvləri – AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev də iştirak ediblər.

İşçi qruplarının üzvləri əvvəlcə Suqovuşanda olan su elektrik stansiyalarına, su anbarına və 35/10/2.5 kVt-luq yarımstansiyaya, sonra Ağdam şəhərinin mərkəzindəki məscidin yanında ermənilər tərəfindən məhv edilmiş təbiət abidəsi statusuna malik 2 ədəd Şərq çinarı (diametri 90 sm, hündürlüyü 25 m, yaşı 200 il) ağaclarına, Ağdam şəhərindən 8 km  məsafədə yerləşən “Çobandağ Əhəngdaşı” yatağına, daha sonra tikilməkdə olan “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına baxış keçiriblər.

İşçi qruplarının birgə iclasında işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji zonası Konsepsiyası”nın tətbiqi ilə bağlı perspektivlər, Ağdam şəhərinin enerji təminatı ssenariləri, Qarabağın, o cümlədən Ağdam bölgəsinin iqlim və su ehtiyatları, Qarabağ ərazisində yeraltı sulardan yaşıl enerji potensialı kimi istifadənin perspektivləri və s. bu kimi məsələlər müzakirə mövzuları olub.

Akademik İradə Hüseynova tədbirin iştirakçılarına və jurnalistlərə 44 günlük müharibədə qazanılmış qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının öyrənilməsi istiqamətində AMEA tərəfindən qəbul edilmiş qərarlar, planlar, görülmüş işlər, aparılmış tədqiqatlar barədə geniş məlumat verib.