Arxiv
Azərbaycan Botaniklər Cəmiyyətinin beynəlxalq təşkilata üzvülüyü davam edir
09.07.2021

AMEA Botanika İnstitutu nəzdində yaradılan və respublika üzrə 12 təşkilatı təmsil edən Azərbaycan Botaniklər Cəmiyyəti beynəlxalq arenada (https://www.botanysociety.az) elmi əlaqələrin və əməkdaşlıqların genişləndirilməsi, yüksək ixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətlərin inkişaf etdirilməsində rolu genişləndirir. Həmçinin, Azərbaycan botaniklərini dünya botanika ictimaiyyətinə inteqrasiya etməyi və gələcək inkişaf üçün faydalı olan Cəmiyyəti Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI) təşkilatının xidmətlərindən məqsədyönlü istifadə etməyi nəzərdə tutur.

BGCI, 1987-ci ildən dünyanın 100-dən çox ölkəsinin botanika sahəsi üzrə çalışan təşkilatlarını bitki mühafizəsi üçün qlobal bir şəbəkədə birləşdirən və təmsil edən təşkilat olub, əsas ofisi Böyük Britaniyada yerləşir. Qeyd etmək lazımdır ki, təşkilatın əsas prioritet məqsədləri – bitki mühafizəsi istiqamətində innovativ və strateji layihələrin təşkili və idarə edilməsi; bitki müxtəlifliyinin təmin edilməsi üzrə tərəfdaş və üzvlərin cəlb edilməsi; Botanika bağlarında və daha geniş cəmiyyətdə əlaqələrin yaradılması və bitki qorunması potensialının genişləndirilməsi; müasir çağırışlara cavab verən fəaliyyətin dəstəklənməsidir.