Arxiv
Akademik Adilə Namazovanın anadan olmasından 95 il keçir
09.09.2021

Dünya şöhrətli pediatr alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, tibb elmləri doktoru, professor Adilə Əvəz qızı Namazovanın anadan olmasından 95 il keçir.

Adilə Namazova 9 sentyabr 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. O, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirdikdən sonra SSRİ Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva) pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin rəhbərlik etdiyi Uşaq xəstəlikləri kafedrasının aspirantı olmuş, 1959-cu ildə orada tibb üzrə namizədlik, 1965-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə SSRİ-nin Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır.

Azərbaycanın ilk qadın pediatr alimi, istedadlı pedaqoq Adilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının (2003-cü ildən Rusiya Elmlər Akademiyasının) həqiqi üzvü seçilmişdir.

Akademik Adilə Namazova 1965-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tanınmış alimin elmi fəaliyyətinin əsas istiqamətini uşaqlarda kəskin revmatizm zamanı ürək-qan damar sisteminin funksional vəziyyətinin öyrənilməsi, anadangəlmə ürək qüsurlarının diaqnostikası, diferensial diaqnozu, belə qüsurlar zamanı cərrahi əməliyyata göstəriş və əksgöstərişin müəyyənləşdirilməsi problemləri, uşaqlarda hipertoniya və hipotoniya xəstəliklərinin epidemiologiyasının, kliniki əlamətlərinin xüsusiyyətlərinin, təzahür formalarının öyrənilməsi, profilaktika və müalicə üsullarının işlənib hazırlanması və səhiyyə praktikasına tətbiqi təşkil etmişdir.

Akademik Adilə Namazova 500-ə yaxın elmi əsərin, 32 monoqrafiya, dərslik və dərs vəsaitinin, 5 ixtiranın müəllifi olmuşdur. Tanınmış alim çox sayda beynəlxalq konqres, qurultay və simpoziumlarda Azərbaycan pediatriya elmini ləyaqətlə təmsil etmişdir.

Akademik Adilə Namazovanın elmi rəhbərliyi və məsləhətçiliyi ilə tibb üzrə 72 fəlsəfə və 12 elmlər doktoru hazırlanmışdır.

Adilə Namazova Azərbaycan Respublikası Pediatrlar Assosiasiyasının prezidenti, Ümumdünya və Avropa Pediatrlar Assosiasiyası İdarə heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Türkdilli və başqa ölkə pediatrlarının V Konqresinin prezidenti, SSRİ Xalq deputatı, eləcə də Ali Sovetin Komitə sədri olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Akademik M.Topçubaşov mühazirələri” müsabiqəsi Komissiyasının sədri, Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur.

Akademik Adilə Namazova son illər biotibbi etika problemləri sahəsində çalışaraq ilk dəfə (Azərbaycan və ingilis dillərində) sanballı əsər, tədris vəsaitləri, kitablar, universitet və kollec tələbələri üçün təhsil proqramı hazırlamışdır.

Akademik Adilə Namazova “Səhiyyə əlaçısı” döş nişanına (1980), AR Dövlət Mükafatına (1981, “Əməkdar elm xadimi” fəxri adına (1982), AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov adına mükafatı”na (2016) layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” (1996) və “Şərəf” (2011) ordenləri, “Akademik M.A.Topçubaşov Mühazirələri” Fəxri Diplomu (2006), Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksey tərəfindən “Müqəddəs Çar Dmitri Ordeni” (2007), “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” (2016), Rusiya Pediatrlar Birliyinin “Akademik G.Speranski” medalı və s. ilə təltif edilmişdir.

2020-ci il dekabrın 16-da Azərbaycanın pediatriya elminin görkəmli nümayəndəsi akademik Adilə Namazova ömrünün 94-cü ilində Bakı şəhərində vəfat etmişdir.

Xeyirxah və alicənab insan, görkəmli təbib və gözəl alim Adilə Namazovanın parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaqdır.

Allah rəhmət eləsin!